“Meliorasiya və Su Təsərrüfatı ASC ləğv olunmalı və nazirliklə birgə qurum yaradılmalıdır” – AÇIQLAMAbackend

"Meliorasiya və Su Təsərrüfatı ASC ləğv olunmalı və nazirliklə birgə qurum yaradılmalıdır" - AÇIQLAMA

Ölkədə bütün sahələrdə həyata keçirilən islahatlar sanki kənd təsərrüfatı sektorundan yan keçir. Bu sahədə kifayət qədər problemlərin mövcud olması belə qənaətə gəlməyə əsas verir. Suvarmadan tutmuş, subsidiyaların verilməsinə, toxumçuluğa kimi bir sıra problemlərin mövcud olması Kənd Təsərrüfat Nazirliyinin “fəaliyyətini” də gündəmə gətirir. Uzun illər yığılıb qalan problemlər Kənd Təsərrüfatı nazirinin əvəzlənməsi ilə də öz həllini tapmadı. Doğrudur, bəzi gözəçarpan addımlar atılsa da, bu, kənd təsərrüfatı sektorunun inkişafı və qarşıya qoyulan məqsədlərə nail olunması üçün kifayət etmir. 

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, əslində rəqəmsal olaraq yanaşsaq kənd təsərrüfatı məhsullarının istehsalı və ixracında artım var. Gömrük və Statistika komitələrinin məlumatlarında da bu aydın görünür. Amma kənd təsərrüfatı sektorunda problemlər hələ də həllini tapmayıb: “Yəni kənd təsərrüfatı sahəsində illərdir yığılıb qalan ciddi problemlər hələ də mövcuddur. Bu problemlər əsasən idarəetmənin optimallaşdırılması, yerli icra hakimiyyətlərinin işə qarışması, maneçiliklərin yaradılması və subsidiyalarla bağlıdır. Doğrudur əvvəllər subsidiyalar icra hakimiyətləri vasitəsilə bölüşdürülürdüsə, indi birbaşa kənd təsərrüfatı işçilərinin iştirakı ilə həyata keçirilir və fermerlərin hesabına köçürülür. Amma burada da problemlər var. Yəni son məhsulun həcminə və keyfiyyətinə görə subsidiyalaşdırma sisteminə keçid tam baş verməyib. Əslində elə bir stimmullaşdırma sistemi olmalıdır ki,  istənilən kənd təsərrüfatı sahəsində çalışanlar və fermerlər keyfiyyətli məhsul istehsal etməyə səy göstərsinlər”.

Natiq Cəfərlinin sözlərinə görə, indi subsidiyalaşdırma sistemi daha çox məşğuliyyət və əkin sahəsinin həcminə görə müəyyənləşdirilir ki, bu da doğru yanaşma deyil: “Burada suvarma və idarəetmə ilə bağlı problemlər var. Nazirliyin işçiləri ilə dəfələrlə müxtəlif tədbirlərdə görüşüb iradlarımı bildirmişəm. Onlar da daha çox əlaqədar icra qurumlarından həm də Meliorasiya və Su Təsərrüfatı idarəsindən şikayət edirlər. Burada kordinasiya olunmuş, mərkəzləşdirilmiş idarəetmə yoxdur. Problemlərin bir çoxu da bundan yaranır. Nəticə etibarı ilə  kənd təsərrüfatı  sahəsinə indiyə qədər milyardlarla vəsait ayrılsa da, gözlədiyimiz nəticələr əldə olunmayıb”.

Ekspert əlavə edib ki, bu problemlərin həll olunması üçün ilk növbədə yerli idarəetmə orqanları dəyişməlidir: “Yerli icra orqanları ciddi problemlər, maneçiliklər yaradır vəkənd təsərrüfatı sahəsinə müdaxilələrə yol verirlər. Ona görə də, yerli icra hakimiyyətləri də ləğv edilməlidir. Su və Meliorasiya idarəsi də ləğv olunmalı, Kənd Təsərrüfatı Nazirliyi ilə birgə qurum yaradılmalıdır. Suvarma məsələsi kənd təsərrüfatının ən önəmli problemidir. Bəzi hallarda regionlarda iri fermer təsərrüfatlarına, yaxud sahibkar məmurların torpaq sahələrinə su verilir, amma vətəndaşlar su almaqda çətinlik çəkir. Bütün bunlar ciddi problemlər yaradır və kompleks idarəetmə təkmilləşdirilməsinə ehtiyac var”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*