Kirayə mənzil bazarında təhlükəsizlik məsələsi son dövrlər tez-tez müzakirə olunur. Mənzil kirayələyən şəxslərin təhlükəsizliyi kim tərəfindən təmin edilməlidir – ev sahibi, kirayəçi, yoxsa dövlət? Bu sual həm hüquqi, həm də praktiki baxımdan aktuallığını qoruyur.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Müşfiq Abbasov bildirib ki, təhlükəsizliyin təmin olunması ilk növbədə dövlətin üzərinə düşən əsas vəzifələrdən biridir:

“Şəxslərin təhlükəsizliyinin qorunması birbaşa dövlətin funksiyasıdır. Bu baxımdan kirayə münasibətlərində də ümumi təhlükəsizlik məsələlərinə nəzarət dövlət tərəfindən həyata keçirilməlidir.
Ev sahibi öz əmlakını kirayəyə verməklə öhdəliyini yerinə yetirmiş sayılır. Təhlükəsizlik məsələlərinə görə o, məsuliyyət daşımır. Bu, onun üzərinə qoyulan hüquqi bir tələb deyil”.
Müşfiq Abbasov əlavə edib ki, fərdi təhlükəsizlik məsələsində vətəndaşların da rolu danılmazdır:
“Hər bir şəxs öz təhlükəsizliyinə diqqət yetirməli və zəruri tədbirlər görməlidir. Bununla yanaşı, dövlət də ümumi təhlükəsiz mühitin formalaşdırılmasına cavabdehdir”.
Beləliklə, hüquqi yanaşmaya əsasən kirayə bazarında təhlükəsizlik məsələsi əsasən dövlətin funksiyası hesab olunsa da, fərdi məsuliyyət amili də bu prosesdə mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az
