Ermənistanda müharibədən sonrakı vəziyyəti işıqlandıran jurnalistlərdən biri olan Tatul Akopyan ölümlə və zorakılıqla təhdid olunur.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniya vətəndaşı, jurnalist Onik Qriqoryan öz tviter hesabında paylaşıb.
“Tatul ABŞ-da diaspor icmalarına etdiyi tur zamanı, həmçinin Ermənistanda zorakılıq və ölüm təhdidləri alıb. Hazırda Amerika polisi onun ölkədə olduğu son günlər üçün təhlükəsizliyini təmin edir. Tatul Ermənistanda post-müharibə vəziyyətini ciddi şəkildə işıqlandıran az sayda jurnalistlərdən biridir. O əmindir ki, təhdidlər “Böyük Ermənistan” arzusu ilə yaşayan şəxslərdən gəlir. Politoloq Arman Qriqoryan onları “Erməni talibançılar” adlandırır”, – deyə Qriqoryan yazıb.
Tatul Akopyan Ermənistanın jurnalist icmasına, ölkənin hüquq müdafiəçisinə, Baş prokuroruna və ABŞ-ın İrəvandakı səfirinə müraciət ünvanlayıb. O, müraciətində dekabrın 10-u İrəvana qayıdacağını qeyd edib. Onun sözlərinə görə, ölkəyə qayıdan kimi təhdidlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək və lazımi materialları təqdim edəcək.
Qeyd edək ki, Onik Qriqoryan həmkarının hansı səbəbdən ölümlə təhdid edildiyinə dair dəqiq məlumat verməyib.
