Milli Məclisin üzvü Cavanşir Feyziyevin bir çox media nümayəndələrini ağır təhqir etməsi cəmiyyətin böyük hissəsinin kəskin narazılığı ilə qarşılanıb.
KONKRET.az xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla da məsələ ilə bağlı etirazını bildirib:
“Mən 2010-cu il parlament seçkilərində Cavanşir Feyziyevlə rəqib olmuşam. Ona görə də bu məsələlərdə bir az kənarda dayanmağa qərar vermişdim. Lakin son hadisələr dözüləsi olmadı.
Seçkilərdəki Ginnesin rekordlar kitabına düşəcək məziyyətləri kənara qoyuram. Nəzərə almaq lazımdır ki, deputatlıq statusu ciddi bir məsuliyyətdir. Dövlət məmurunun davranışı dövlətin reputasiyasının adına yazılır, bunu unutmaq olmaz!
Bu gün Azərbaycanın müstəqillik tarixində göz bəbəyi kimi qorunmalı olan söz azadlığının keşiyində dayanan insanları, media kapitanlarını, jurnalistləri, vətəndaş cəmiyyəti nümayəndələrini millət vəkili adını daşıyan şəxsin kütləvi şəkildə ən aşağı epitetlərlə təhqir etməsi yolverilməzdir və buna qəti etirazımı bildirirəm! Mən hər an azad səsin yanındayam”.
