Rusiyalı iş adamları ilin əvvəlindən federal büdcəyə əvəzsiz ödənişlər şəklində 383,69 milyard rubl köçürüblər.
KONKRET.az xəbər verir ki, bu barədə “Vedomosti” “Elektron büdcə” sisteminin məlumatlarına istinadən yazıb.
Vladimir Putinin mart ayında biznes nümayəndələri ilə görüşünədək bu kateqoriya üzrə büdcəyə daxilolmalar cəmi 15,6 milyard rubl təşkil edib. Görüşdən sonra isə ödənişlər kəskin artıb və aprel ayında 159,7 milyard rubla çatıb.
Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin biznesin büdcəyə yardım etdiyini təsdiqləyib və bu ödənişlərin könüllü xarakter daşıdığını vurğulayıb.
Rusiya hakimiyyəti ilin sonunadək şirkətlərdən bu cür ödənişlər hesabına təxminən 300 milyard rubl əldə etməyi gözləyirdi. Lakin artıq avqustun ortalarına bu göstərici gözlənilən məbləği əhəmiyyətli dərəcədə üstələyib.
Bununla yanaşı, 383,69 milyard rublun tamamının məhz milyarderlərin könüllü ianələrindən ibarət olduğunu demək mümkün deyil. Büdcə təsnifatı konkret ödənişlərin son mənbəyini tam açıqlamır və bu kateqoriyaya müxtəlif növ əvəzsiz daxilolmalar daxil ola bilər.
Bu ödənişlərin sürətlə artması Rusiyanın büdcəsindəki kəsirin də rekord səviyyəyə çatdığı bir vaxta təsadüf edir. Yanvar-iyul aylarında federal büdcənin kəsiri 6,455 trilyon rubl təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur və illik planlaşdırılan kəsirdən təxminən iki dəfə yüksəkdir.
Beləliklə, biznesdən daxil olan yüz milyardlarla rubl Rusiyanın büdcəsində artan maliyyə təzyiqini qismən kompensasiya edən əlavə mənbəyə çevrilib.
Bəzi müşahidəçilərin fikrincə, milyarderlərin bu addımı yalnız Kremlin çağırışına tabe olmaqla bağlı deyil. Onların böyük ehtimalla əsas narahatlıqlarından biri biznes və aktivlərinin gələcəkdə dövlət tərəfindən əllərindən alınmasıdır. Rusiyada son illərdə iri şirkət və aktivlərin dövlət mülkiyyətinə keçirilməsi hallarının artması sahibkarlar arasında belə risklərin real olduğu barədə qorxuları gücləndirib. Bu baxımdan, müharibənin maliyyələşdirilməsinə böyük məbləğlərlə töhfə vermək həm də Kremlin qarşısında loyallıq nümayiş etdirmək və öz bizneslərini mümkün təzyiqlərdən qorumaq cəhdi kimi qiymətləndirilə bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
