Alimlər bir il ərzində Şimal dənizi üzərindən miqrasiya edən milyonlarla quşu müşahidə edərək dənizdəki külək elektrik stansiyalarının quşlar üçün yaratdığı təhlükəni qiymətləndiriblər.
Avropa dəniz külək enerjisi sahəsində lider mövqelərdədir. Qitədə ümumi gücü 30 giqavatdan (QVt) çox olan dəniz külək elektrik stansiyaları fəaliyyət göstərir. Bu həcm hər il 26 milyondan çox ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə kifayət edir.
Bu ilin əvvəlində Belçika, Danimarka, Fransa, Almaniya, İslandiya, İrlandiya, Lüksemburq, Niderland, Norveç və Böyük Britaniya 2050-ci ilədək Şimal dənizi hövzəsində ümumilikdə 100 QVt gücündə dəniz külək enerjisi layihələri həyata keçirmək öhdəliyi götürüblər.
9,5 milyard avro dəyərində olan və “Hamburq Bəyannaməsi” adlandırılan bu plan Şimal dənizini dünyanın ən böyük “təmiz enerji mənbəyinə” çevirməyi və Avropaya 1 trilyon avro həcmində investisiya cəlb etməyi qarşıya məqsəd qoyur.
Lakin burada mühüm sual yaranır: qalıq yanacaqlardan imtina və təmiz enerjiyə keçid sayı iqlim dəyişikliyi səbəbindən onsuz da azalan quşların təhlükəsizliyinə zərər vura bilərmi? Dəniz külək turbinləri quşlar üçün təhlükə yaradırmı?
Quşların külək turbinləri ilə toqquşması ilə bağlı araşdırmaların əksəriyyəti qurudakı külək elektrik stansiyalarına həsr olunub. Halbuki hər yaz və payız milyonlarla quş miqrasiya zamanı, əsasən gecə saatlarında Şimal dənizini keçir.
Dənizdə quşların turbinlərlə toqquşmasını qeydə almaq isə olduqca çətindir. Buna səbəb gecə vaxtı zəif görünmə və külək turbinlərinin sahildən uzaqda yerləşməsidir.
Yeni bir illik pilot tədqiqat zamanı alimlər termal kameralar və süni intellektin köməyi ilə gecələr kiçik quşları və yarasaları, gündüzlər isə iri quşları aşkar edə biliblər.
Enerji şirkəti Vattenfall tərəfindən başladılan araşdırma Niderlandın Hollandse Kust Zuid dəniz külək parkında Wildlife Imaging Systems (WIS) və Vageningen Universiteti və Araşdırma Mərkəzinin (WUR) əməkdaşlığı ilə aparılıb.
WIS şirkəti dənizdəki külək turbinlərindən birinin üzərində bütün istiqamətləri əhatə edən 16 termal kamera quraşdırıb. Kameralar sutka ərzində fasiləsiz işləyib. Süni intellektlə birləşdirilən sistem həm gündüz, həm də gecə quşların hərəkət trayektoriyalarını qeydə alıb və təhlil edib. Sistem hətta duman və yağış kimi əlverişsiz hava şəraitində də işləyib.
Vageningen Universitetinin quş ekologiyası üzrə tədqiqatçısı Karen Kreysveld bildirib ki, biomüxtəlifliyin qorunması enerji keçidinin mühüm hissəsidir.
Onun sözlərinə görə, quruda quşların turbinlərlə hansı vaxt və hansı səbəbdən toqquşduğu, eləcə də hansı növlərin daha yüksək risk altında olduğu artıq kifayət qədər yaxşı öyrənilib. Dəniz külək enerjisi genişləndikcə, alimlər dənizdə də eyni səviyyədə məlumat əldə etməlidirlər.
Təxminən bir il davam edən və həm yaz, həm də payız miqrasiya mövsümlərini əhatə edən müşahidələr zamanı quşların turbinlərlə 22 mümkün toqquşması qeydə alınıb. Onlardan ikisi təsdiqlənib, biri isə çox yüksək ehtimallı hadisə kimi qiymətləndirilib.
Vattenfall şirkətinin biomüxtəliflik üzrə eksperti Jesper Küd Larsen bildirib ki, indiyədək dəniz külək turbinləri ilə quşların toqquşması ilə bağlı hesablamalar əsasən nəzəri modellərə əsaslanıb.
Onun sözlərinə görə, dənizdə quşların tələf olduğunu təsdiqləmək olduqca çətindir, çünki onların cəsədlərini toplamaq mümkün olmur. Aparılan araşdırma isə toqquşmaların sayını daha dəqiq qiymətləndirmək və onların qarşısını almaq üçün effektiv tədbirlər hazırlamaq məqsədilə real məlumatların əldə edilməsinin mümkün olduğunu göstərir.
Milyonlarla quş turbinlərdən yayınır
Tədqiqat müəllifləri toqquşmaların nadir olduğunu iddia etmirlər. Həmçinin bir turbində aparılan ilkin müşahidələrin bütün dəniz külək parklarına şamil edilə bilməyəcəyini vurğulayırlar. Araşdırmanın əsas məqsədi texnologiyanın real dəniz şəraitində nə dərəcədə effektiv işlədiyini yoxlamaq olub.
Bununla belə, Almaniya Dəniz Külək Enerjisi Assosiasiyasının daha əvvəl apardığı araşdırma da oxşar nəticələr göstərib.
Alimlər radarlar və süni intellekt əsaslı kameraların köməyi ilə 1,5 il ərzində quşların 4 milyondan çox hərəkət trayektoriyasını təhlil ediblər. Məlum olub ki, miqrasiya edən quşların 99,8 faizindən çoxu külək turbinlərinin yanından uğurla keçərək onlardan yayınır.
Vattenfall şirkəti daha əvvəl Şotlandiyanın Aberdin şəhəri yaxınlığındakı dəniz külək parkında da araşdırma aparıb. 2023-cü ilin iyunundan 2024-cü ilin dekabrınadək, yəni 19 ay ərzində bir turbinin fəaliyyəti videoya çəkilib və görüntülər süni intellekt sistemləri vasitəsilə təhlil edilib.
Araşdırma zamanı müşahidə edilən turbinin yaxınlığında quşların 2007 uçuş trayektoriyası araşdırılıb. Heç bir toqquşma halı müəyyən edilməyib.
Nəsli təhlükədə olan quşları necə qorumaq olar?
Üç ayrı araşdırmanın nəticələri dəniz külək parklarının quşlara təsirinin minimal olduğunu göstərsə də, təbiəti mühafizə təşkilatları nəsli təhlükə altında olan növlərin qorunması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar.
Britaniyanın sahillərində və adalarında yuva quran 26 dəniz quşu növündən 10-u artıq nəsli təhlükə altında olan növlər siyahısına daxil edilib.
2020-ci ildə Norveçdə yerləşən 68 turbindən ibarət Smøla külək parkında quşların turbinləri daha asan görməsi üçün hər turbinin qanadlarından biri qara rəngə boyanıb. Araşdırma nəticəsində quş tələfatının 70 faiz azaldığı müəyyənləşdirilib: qanadlar boyanmamışdan əvvəl 11 quş cəsədi qeydə alınmışdısa, boyanmadan sonra bu rəqəm 6-ya düşüb.
Bununla belə, bəzi tədqiqatçılar hesab edirlər ki, külək parklarının daha görünən olması quşların miqrasiya marşrutlarına təsir göstərə bilər. Quşlar turbinlərdən yayınmaq üçün əlavə məsafə qət etməli, daha çox enerji sərf etməli və balalarının yanına qayıtmaq üçün daha uzun yol uçmalı ola bilərlər.
Digər qoruyucu tədbirlər arasında külək turbinlərinin həssas təbiət ərazilərindən kifayət qədər uzaqda yerləşdirilməsi və əsas miqrasiya dəhlizlərindən əvvəlcədən yayınmaq da var.
Termal kameralar və radar sistemləri isə külək turbinlərinin quşlar üçün yaratdığı riskləri daha ətraflı öyrənməyə və gələcəkdə onların qorunması üçün daha effektiv tədbirlər hazırlamağa imkan verə bilər.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
