backend

“Mina xəritələrinin verilməsində Rusiya ikili oyun oynayır” – İqbal Ağazadə

Müharibə bitdikdən sonra hərbi qulluqçuların və mülki şəxslərin dəfələrlə minaya düşərək yaralanması və həlak olması halları düşmən təxribatının davamı kimi böyük təəssüf doğurur. Acı faktdır ki, bu günə kimi 140-dan çox insan minaya düşüb, bunlardan 27 şəxs həlak olub, qalanları isə müxtəlif dərəcəli xəsarətlər alıb.Bu baxımdan minaların təhlükə riskinin qarşısını almaq, insanların öz torpaqlarına qayıtmasını tezləşdirmək məqsədilə mina xəritələrinin əldə olunması zəruri və mütləqdir.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlamasında “Ümid” partiyasının sədri İqbal Ağazadə bildirib ki, Ermənistan Azərbaycanın dövlət sərhədlərini tanımalı, ərazi iddiasından əl çəkməli, separatçılığı dəstəkləməməlidir:

“Bu konfliktin nəticəsində yaranan problemləri aradan qaldırmaq üçün ilk növbədə Azərbaycandan rəsmi üzr istəməli və mina xəritələrinin hamısını verməlidir. Xəritələrin hamısı verilməlidir ki, Azərbaycanla heç bir problem olmasın. Əgər bütün bunlar olmayacaqsa, savaşa üstünlük verəcəklərsə, biz də savaşda haqqımızı, hüququmuzu və dövlətimizi qoruyacağıq, çünki başqa yolumuz yoxdur”.

Digər azad olmuş ərazilərin mina xəritələrinin qaytarılması məsələsinə gəlincə, partiya sədrinin fikrincə, “hər halda bu, başlanğıcdır, yəni hər işin bir başlanğıcı olur və biz buna start vermişik. Əvvəl bir az çətin olacaq: əsirləri qaytarmaq, kompromisə, müəyyən qarşılıqlı güzəştlərə getmək. Ancaq növbəti mərhələlərdə ola bilsin bunlara ehtiyac olmasın”.

İ.Ağazadə “Paşinyan çıxışında rəsmən qeyd etdi ki, biz əvvəllər də, yəni 2020-ci ilin dekabr ayında Sergey Lavrova mina xəritələri vermişik. Onda belə çıxır ki, xəritəni bizə Lavrov verməyib?” sualına isə belə aydınlıq gətirib:

“Təəssüflər olsun ki, Rusiya həmişə ikili oyun oynayır və xəritə məsələsi də bunun bir daha sübutudur. Yəqin ki, bütün bunlara vaxtı gəldikcə aydınlıq gətiriləcək”.

Xuraman Etibarlı,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*