“Minsk Qrupu daha yoxdur, ölüb, nə qədər tez dəfn etsələr o qədər yaxşıdır…” – ABŞ nəşribackend

Minsk Qrupu daha yoxdur, ölüb, nə qədər tez dəfn etsələr o qədər yaxşıdır…” - ABŞ nəşri

Generallar sonuncu müharibəyə gərgin hazırlaşdıqları kimi diplomatlar da tez-tez son sülhə, yaxud ən azından sonuncu sülh təşəbbüsünə ciddi hazırlaşırlar. Lakin adətən onlar elə həmin səbəbdən də uğursuzluğa düçar olurlar-məlum olur ki, hər şey dəyişib…

KONKRET.az xəbər verir ki, bu sətirlər Kanadanın Global Məsələlər İnstitutunun (Global Affairs Institute) araşdırmaçısı Robert Kutlerin nüfuzlu “The Foreign Policy” nəşrində dərc edilmiş və Qarabağa dair ATƏT-in Minsk Qrupunun artıq öz əhəmiyyətini itirməsindən bəhs edən məqaləsindən götürülüb.

Müəllif xatırladır ki, az qala 30 illik fəaliyyəti ərzində Minsk Qrupu heç bir nəticəyə nail ola bilmədi. Azərbaycan ordusunun ötən ilin payızında qazandığı qələbə və Ermənistanın Qarabağı işğalına son qoyması isə Minsk Qrupunun işsiz qalması deməkdir. İndi o müflis olub və ölüdür. Nə qədər tez dəfn edilsə əsl sülh və barışıq üçün enerji də daha tez yaranar.

Müəllif Minsk Qrupunun tarixçəsindən və münaqişənin nizamlanması üçün irəli sürdüyü təkliflərdən bəhs edir. Xatırladır ki, 1997-ci ildə təklif edilən “mərhələli həll” modeli Ermənistanda hakimiyyət çevrilişinə gətirib çıxardı. 1998-ci ildə isə Minsk Qrupu daha bir təklif-“ümumi dövlət” modeli irəli sürdü. Hansı ki, bu sülh planı Dağlıq Qarabağda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində “dövlət-ərazi vahidinin” yaradılmasını nəzərdə tuturdu. Plana əsasən bu “dövlət” bütün atributlara, o cümlədən pasporta, orduya və s. malik olmalı idi. Azərbaycan qüvvələrinə bu “dövlətin” icazəsi olmadan onun ərazisinə daxil olmaq qadağan edilirdi, amma Dağlıq Qarabağ sakinləri Azərbaycandakı seçkilərdə iştirak edə bilərdilər. Azərbaycan tərəfi bu sülh planını qəbul etmədi, çünki onun həyata keçirilməsi mümkün deyildi.

Nəhayət Minsk Qrupu məlum “Madrid prinsipləri”ni irəli sürdü. Bu prinsiplərin əsasında 2011-ci ildə Kazan sənədi ortaya çıxdı və həmin sənədə əsasən Ermənistan işğal edilmiş rayonlardan 5-ni qaytarırdı. Laçın və Kəlbəcərin qaytarılması Dağlıq Qarabağda yekun hüquqi statusu müəyyən etmək üçün keçiriləcək referenduma bağlanırdı.

Müəllifin yazdığı kimi, “Madrid prinsipləri”nin təhlili onu göstərir ki, hazırda bu sənədin 1-ci, 3-cü və 6-cı bəndləri (işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılması, Ermənistanla Qarabağ arasında dəhliz, sülhməramlı qüvvələrin yeridilməsi) həyata keçirilib. 2-ci bənd (Dağlıq Qarabağa aralıq status və təhlükəsizlik təminatının verilməsi) daha aktual deyil, çünki sovet dövrünün Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud deyil, Azərbaycan bu keçmiş muxtar vilayətin ərazilərinin xeyli hissəsini, o cümlədən Şuşanı geri qaytarıb. Bu səbəbdən Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyən edilməsinə dair 4-cü bənd də köhnəlib. Azərbaycan daxilində artıq statusunun müəyyən edilməsi üçün “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.

Robert Kutler qeyd edir ki, Madrid prinsipləri münaqişənin dinc yolla nizamlanmasına əsaslanırdı. Lakin ötən ilin payızında qəbul edilən qərar dinc qərar olmadı, Azərbaycan BMT Nizamnaməsinin 51-ci bəndində icazə verildiyi kimi, öz ərazilərini qorumaq üçün güc yoluna əl atdı Ermənistanı işğal etdiyi torpaqlardan çəkilməyə məcbur etdi.

Müllif xatırladır ki, Ermənistan tərəfi müharibədən əvvəl “Madrid prinsiplərin”dən imtina etmişdi: Belə ki, 2020-ci ildə Ermənistan baş naziri Nikol Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın işğal olunmuş ərazilərdən qovulmuş Azərbaycan vətəndaşlarının iştirakı olmadan Azərbaycanla aparılan danışıqlarda tərəf kimi çıxış etməli olduğunu söyləməklə “Madrid prinsiplərin”dən birbaşa imtina etmiş oldu. Bu bəyanat açıq şəkildə yalnız Madrid təkliflərindən yox, həm də Minsk qrupunun fəaliyyətindən imtina edilməsi demək idi.

Kanadalı təhlilçi vurğulayır ki, Minsk Qrupunun müharibəsonrası situasiyada rolunu saxlamaq üçün Madrid prinsiplərinə istinad etmək olmaz. Ağlabatan deyil ki, bu situasiyada ATƏT özünə hansısa yeni rol tapa bilsin, çünki Minsk Qrupu onsuz da az olan nüfuzunu itirib, üstəlik indi 1990-cı illər deyil. Ermənilər və azərbaycanlılar artıq postsovet aləmində yaşamırlar. Cənubi Qafqaz ölkələri də müstəqilliklərini yeni qazanmış postsovet ölkələri deyillər. Bundan başqa Minsk Qrupunun iki həmsədri – ABŞ və Fransa müxtəlif səbəblərdən regionda nüfuzlarını itiriblər.

Fransa prezidenti Emmanuel Makron publik bəyanatlarında birmənalı şəkildə Ermənistanı müdafiə edərək həmsədr kimi ölkəsinin rolunu tam nüfuzdan saldı. ABŞ isə Obama admnistrasiyası dövründən Ttürkiyə-Eermənistan barışığı layihəsinin iflasa uğramasından sonra Cənubi Qafqazda diplomatik fəallığını azaltdı.

Müəllif qeyd edir ki, münaqişəni birdəfəlik həll etməyin yeganə yolu Ermənistanla Azərbaycan arasında sülh müqaviləsidir. Minsk Qrupunun bu məsələdə rol oynaya bilməsi üçün isə nəinki yeni həmsədrlər, eləcə də yeni baxış bucağı tələb olunur.

Ancaq hadisələr çox sürətlə inkişaf edir və etməyə də davam edəcək. ATƏT-in isə çətin ki, çoxtərəfli diplomatiyası ilə onlara ayaqlaşa bilsin. Robert Kutler yazır ki, regionun özündə iqtisadi və siyasi əməkdaşlıq təklifləri, o cümlədən Türkiyənin “altılıq platforması” (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya və Türkiyə) hadisə yerindən minlərlə kilometr uzaqlıqdakı ölkələrin təqdim etdiyi siyasi sxemlərdən daha həyati və dinamikdir ./Virtualaz.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*