Mircəlal küçəsinin sakinlərindən Eldar Əzizova MƏKTUB: “İllərdir ki, özbaşınalıq və nəzarətsizlik hökm sürür”backend

Mircəlal küçəsinin sakinlərindən Eldar Əzizova MƏKTUB: “İllərdir ki, özbaşınalıq və nəzarətsizlik hökm sürür”

Paytaxtın Mircəlal küçəsinin sakinləri əməlli-başlı problemlərin girdabında boğulurlar. Bunu biz yox, redaksiyamıza ünvanladıqları şikayət məktubunda həmin küçənin sakinləri deyirlər. Sakinlərin problemləri sadalamaqla bitmir. Belə ki, yaşadıqları binanın parkinq kimi istifadə olunan zirzəmisinin təyinatı dəyişdirildiyindən, avtomobil saxlamaq üçün yerləri yoxdur. Üstəlik “Rezervuarnaya” küçəsindən sakinlər yaşayan  binanın həyətinə giriş hissəsinin qarşısının bir sahibkar tərəfindən bloklanması və  geniş ərazisinin qanunsuz zəbt edilməsi insanların haqlı narazılığı ilə nəticələnir. Sakinlər deyir ki, onsuz da, darısqal olan həyətyanı ərazi indi lap da kiçilib. Sabah binada hər hansısa bir fövqəladə hal baş versə, o zaman FHN-nin iri həcmli maşınları əraziyə daxil ola bilməyəcəklər. Bundan əlavə parkinq olmadığı üçün sakinlərin avtomobillərini binanın darısqal ərazisində park etməsi nəticəsində, addım atmağa yer almayıb. Elə bu səbəblərdən də sözügedən binanın sakinləri Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova A Ç I Q   M Ə K T U B ünvanlayıblar.

Şikayət məktubunu olduğu kimi təqdim edirik:

Hörmətli Eldar müəllim! Bu məktubda toxunulan məsələlərlə bağlı hələ bir neçə il öncə Bakının sabiq meri Hacıbala Abutalıbova, bir neçə ay əvvəl isə şəxsən Sizə, habelə Binəqədi RİH-nin əvvəlki və indiki rəhbərliyinə dəfələrlə rəsmi məktubla müraciət etmişik. Müraciətlərimizin heç bir nəticəsi olmadığından nəhayət, məsələni ictimailləşdirməyi lazım bildik:

Bizim yaşadığımız bina Mir Cəlal küçəsinin başlanğıcında və paytaxtın şimal qapısının girəcəyində yerləşir. Bu ərazi Mir Cəlal küçəsi ilə Rezervuarnaya (Nədənsə indiyədək bu küçənin adının dəyişdirilməsi barədə düşünən yoxdur) küçəsinin qovşağında yerləşir. Binamızın giriş-çıxışı da elə Rezervuarnaya küçəsindəndir. Burada son dərəcə dəhşətli bir mənzərə hökm sürür. Sanki bu ərazidə heç nəyə nəzarət edən yoxdur, dərəbəylik və özbaşınalıqdır. Nədən narazıyıq:

Sakinlərin narazılığı nəzərə alınmadan binanın layihə üzrə parkinqi olan zirzəmisinin təyinatı dəyişdirilib. Halbuki, həyətimiz son dərəcə darısqal olduğundan maşın saxlamağa yer yoxdur. O kiçik və darısqal həyət də maşınlarla dolu olanda sakinlər necə hərəkət etsin, uşaqlar harada oynasın?! Binada yanğın və ya digər bir fövqəladə hadisə baş verərsə FHN-nin maşınları həyətə necə daxil olsun? Xatırladaq ki, ötən illərdə 2 dəfə kiçik miqyaslı yanğın olmuşdu, FHN-nin maşınları binaya yaxın düşə bilmədi.

Vəziyyəti daha da dramatikləşdirən ikinci amil isə Rizvan adlı şəxs tərəfindən Rezervuarnaya küçəsindən binamızın həyətinə giriş hissəsinin qarşısını bloklayan geniş ərazisinin qanunsuz olaraq zəbt edilməsi və orada qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Rizvan qeyd edilən ərazinin bir hissəsininin (işıqforun yanındakı ərazini) kənarına dəmir reşotkalar düzərək oradan pullu dayanacaq kimi istifadə edir. Onun yanında “moyka” fəaliyyət göstərir. “Moyka”dan şimal tərəfə (ona bitişik) yeməkxana işləyir. Yeməkxanadan şimal tərəfə olan ərazinin ətrafını bağlayaraq açıq havada iaşə xidməti təşkil edib. Ondan şimal tərəfə olan bir neçə köhnə tikililəri hansı yollarlasa ələ keçirərək, orada müxtəlif xidmətlər (maşın təmiri, rəngləmə, çörək və şirniyyat sexi, hostel tipli qonaq evi və s.) qurub. Beləliklə, Rezervuarnaya küçəsinin ümumilikdə 1500 kvadratmetrdən böyük bir ərazisi zəbt olunub. Bu səbəbdən də həmin küçə ilə hərəkət son dərəcə çətinləşib. Onun “moyka”sı və yeməkxanası FHN-nin iri qabaritli maşınlarının həyətimizə daxil olmasına imkan vermir.  Yəni, həmin maşınlar orada heç bir halda manevr edə bilmirlər.

Sual olunur, Rizvan adlı şəxsə bu dərəcədə sərbəstlik verən, onun qanunsuz əməllərinə şərait yaradan kimlərdir? O, həmin ərazini hansı əsasla zəbt edib. Ümumiyyətlə həmin ərazini yol-hərəkət dövriyyəsindən çıxarıb digər xidmətlər üçün istifadəsinə razılıq vermək olarmı? Rizvanın parklama, moyka, yemək-çörək məmulatı, hostel xidmətləri üçün lisenziyası varmı? Bunlara kim nəzarət etməlidir?

Məlumat üçün onu da bildiririk ki, Rizvan adlı şəxs qonşularla münasibətdə özünü həddən artıq pis, daha doğrusu qaba və qoçuyana aparır. Dəfələrlə dava-dalaşlar törədib. Narazılıq edən işçiləri və sakinləri günün-günorta çağı döyüb, söyüb. Həmin şəxslərin şikayəti isə sahə müvəkkili polis mayoru Etibar Yusifov tərəfindən ört-basdır edilib. Biz bu məktubu hazırlayarkən eşitdik ki, Rizvan bu dəfə də Azəravtoyol Dövlət Şirkətinin ərazidə təmizlik işləri ilə məşğul olan işçisi Fərqanə Abdullayevanı döyüb-söyüb. Görəsən Rizvanın təkrar-təkrar törətdiyi bu cür xuliqanlıq hərəkətlərinə nə vaxtsa hüquqi qiymət verən tapılacaqdır?!

Arayış üçün onu da bildiririk ki, yaranmış bu dözülməz vəziyyətlə bağlı respublikanın bütün aidiyyatı dövlət qurumlarına dəfələrlə tərəfimizdən müraciət olunub. Amma nəticəsi yoxdur. Odur ki, Sizdən xahiş edirik:

1. Binamızın girişində – Rezervuarnaya küçəsində Rizvan tərəfindən qanunsuz olaraq zəbt edilən ərazilər boşaldılsın.

2. Həmin ərazi və ya obyektləri qanunsuz olaraq özəlləşdirən və ya icarəyə verən orqan və ya məmurların məsuliyyət məsələsinə baxılsın.

3. Ötən illər ərzində (ən azı 2008-ci ildən başlayaraq) Rizvanın bir sahibkar olaraq fəaliyyəti araşdırılsın: o kimə və nə qədər dövlət rüsum ödəmiş olduğu müəyyən olunsun.

4. Sahibkar olaraq nə dərəcədə vergi ödəyicisidir? Yəni, bu illər ərzində aidiyyəti qurumlar görməyiblər ki, onun obyektlərindən suyun dəyəri necə ödənilir? Obyektlərindəki işıq və qaz sayğaclarının durumuna nəzarət edən olubmu? Bələdiyyə, ərazi icra nümayəndəsi və polis sahə müvəkilinin bu halları illərdir ki, görməməzliyə vurmasının səbəbləri də araşdırılsa pis olmaz.

Təəssüflə bildiririk ki, Bakının giriş-çıxış qapısı olan ərazidə yerləşən binamız ətrafında illərdir ki, hökm sürən özbaşınalıq və nəzarətsizlik, bütün bunlarla bağlı sakinlərin müraciətlərinə olan biganə münasibət aidiyyəti dövlət qurumlarının, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyəti və Binəqədi RİH səlahiyyətlərininin öz vəzifə borclarını heç də lazımınca yerinə yetirmədiklərindən xəbər verir. Ayrı-ayrı şəxslərin tamahkarlığı və bəzi məmurların öz vəzifə səlahiyyətlərini lazımınca icra etməməsi, yaxud da vəzifə səlahiyyətlərindən sui-idtifadə etməsi zəminində yaranmış bu cür  xırda problemlərin nədən qaynaqlandığını vaxtında araşdırmaq və tənzimləyərək yoluna qoymaq, yəni bu qədər çətindir?!

P.S. Hörmətli Eldar müəllim, bu  məktubu səbr edərək sonadək oxuyası hər kəs, yəqin ki, elə siz də deyəcəksiniz ki, toxunulan məsələlərin xeyli qismi Bakı şəhər İcra Hakimiyyətindən daha çox digər dövlət qurumlarına, o cümlədən Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyinin müvafiq qurumlarına aid məsələlərdir. Bəli, elədir. Ona görə də həmin təşkilatlara da təkrar-təkrar müraciətlərimiz olub. Əfsuslar olsun ki, heç bir qurum məsələ ilə ciddi məşğul olmadı. Hər şey göz qabağında olduğu halda, sanki ötür-ötür oyunu ilə məşğuldurlar. Məsələn, Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ünvanladığımız 03.05.2021-ci il tarixli məktubla əlaqədar Nazirliyin Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Rauf Qurbanov telefon açaraq bizdən şəxsiyyət vəsiqəmizin surətini tələb etdi və bunsuz araşdırma apara bilməyəcəyini bildirdi. Onu da etdik. Yenə nəticə olmadı. Ona xatırlatdıq ki, məktubumuzda göstərildiyi kimi binamızda iki dəfə yanğın hadisəsi olub. Araşdırın görün, o zaman Sizin xidmət hansı çətinliklərlə üzləşib?! Bilirsiniz cavab nə oldu?!

– Bu məsələlərin bizə aidiyyəti yoxdur! Cənab rəis elə isə bəs onda Siz nə işə baxırsınız?! Əgər siz dediyiniz kimidirsə, onda bizim cənab nazirə ünvanladığınız məktub niyə məhz sizə yönləndirilib?!

Binəqədi RİH-dən aldığımız cavabda isə bildirildi ki, “Rizvanın qanunsuz olaraq zəbt edərək pullu dayanacaq kimi istifadə etdiyi yerin ətrafındakı dəmir reşotkalar tərəfimizdən yığışdırıldı”. İndi gəlib baxsınlar görək nəyi yığışdırıblar? Axı, hər şey necə var idisə eləcə də qalmaqdadır. Bütün bunları şəxsən Sizə ona görə yazdıq ki, şəhərimizin normal həyat ritmi üçün hamıdan əvvəl məhz birbaşa Bakı Şəhər İcra Hakimiyyəti cavabdehlik daşıyır. Sizə yazdıq ki, qoy digər əlaqədar dövlət qurumları da oxuyub nəticə çıxarsınlar.

İmza: Bakı şəhəri, Binəqədi rayonu M.Cəlal küçəsi ev 1D

ünvanındakı 176 mənzilli çoxmərtəbəli binanın sakinləri:

Rasim Quliyev

Zabit Kişiyev

Cəlil Əliyev

Nazim Səfərov

Mehman Bağıyev və başqaları.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*