Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələb irəli sürmür, danışıqlar zamanı belə şərt qoyulmur.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 6-da “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında çıxışı zamanı bildirib.
“Ermənistan Konstitusiyası Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqların gündəliyinə daxil deyil. Bununla belə, mən daim eşidirəm ki, guya onlar biz Konstitusiyanı dəyişməsək, sülh müqaviləsini imzalamağa və ratifikasiya etməyə hazır deyillər. Amma biz hesab edirik ki, Ermənistan Konstitusiyası Ermənistanın daxili məsələsidir. Biz, çox güman ki, Konstitusiya ilə bağlı referendum keçirəcəyik, lakin bu məsələni beynəlxalq tərəfdaşlarla müzakirə etmirik”, – deyə Mirzoyan bildirib.
Ermənistan XİN rəhbəri qeyd edib ki, əvvəllər ölkəsi çox mürəkkəb və təhlükəli regionda yaşadığını düşünürdü:
“Biz əvvəllər həmişə düşünürdük ki, çox çətin, təhlükəli regionda yaşayırıq, burada müstəqilliyimiz və mövcudluğumuz daim sual altına alınır. Bu, qismən və ya tamamilə doğrudur. Amma məsələ həmişə ondan ibarət idi ki, bu təhlükəni necə üstünlüyə çevirək. İndi Ermənistanda məhz bunu etməyə çalışırıq”.
Mirzoyanın sözlərinə görə, əsas vəzifə Ermənistanın maneə deyil, körpü rolunu oynamasıdır.
“Biz başa düşdük ki, Avropanı Mərkəzi Asiya, Hindistan və Çinlə birləşdirə bilərik. Bu isə öz növbəsində təkcə mövcudluğumuzu və suverenliyimizi qorumaq yolu deyil, həm də gələcək dinc rifah üçün əlavə təminat ola bilər”, – deyə o vurğulayıb.
Nazir bildirib ki, sülhü təkbaşına qurmaq mümkün deyil:
“Qonşularınız sizi düşmən hesab edir və sizi məhv etmək istəyirsə, sülh elan edib sülh içində yaşamaq mümkün deyil. Buna görə də vəzifə regionda və onun hüdudlarından kənarda hamının sülhdə maraqlı olduğu vəziyyət yaratmaqdır”.
Mirzoyan Ermənistanın qonşuları ilə münasibətlərinə də toxunub:
“Şimalda Gürcüstan var və bizim onunla həmişə dost münasibətlərimiz olub. Cənubda İran var, onunla da həmişə dostluq münasibətləri və əməkdaşlığımız olub. Qərbdə və şərqdə isə Türkiyə və Azərbaycan var. Biz onilliklər ərzində Azərbaycanla münaqişədə olmuşuq, qərbdə və şərqdə sərhədlərimiz bağlı olub”.
Onun sözlərinə görə, buna baxmayaraq, tərəflər dialoqa başlayıblar:
“Biz dialoqa başladıq, Azərbaycanla sülh müqaviləsini parafladıq. O, hələ imzalanmayıb və ratifikasiya olunmayıb, amma sülh artıq gəlib: bizdə itkilər yoxdur, Azərbaycan öz ərazisi vasitəsilə Ermənistana və Ermənistandan malların daşınmasına qoyulan qadağanı aradan qaldırıb, biz Azərbaycanla ikitərəfli ticarətə başlamışıq. Biz Azərbaycandan neft məhsulları alırıq və bəzi malları Azərbaycan şirkətlərinə satacağıq”.
Mirzoyan eyni zamanda bütün problemlərin həll olunduğunu deməyin doğru olmadığını bildirib:
“Mən heç nəyi şişirtmək istəmirəm və deyə bilmərəm ki, bütün məsələlər həll olunub. Bizim qanlı münaqişəmiz olub. Yaralar çox təzədir və iki ölkənin cəmiyyətlərinə real barışıq lazımdır. Hələ bəzi həll olunmamış məsələlər qalır, xüsusilə saxlanılan şəxslərlə bağlı humanitar xarakterli məsələlər”.
Ermənistan XİN rəhbəri əlavə edib ki, tərəflər beynəlxalq münasibətlərdə artıq mövcud olan qaydalar çərçivəsində qalmalı və onlara əməl etməlidirlər.
“Eyni zamanda tarix inkişaf edir, yeni vəziyyətlər yeni ehtiyaclar yaradır. Bizdə sülh bərqərar olub və bu modeli digər regionlara ixrac etməkdə çox maraqlıyıq”, – deyə Mirzoyan vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
