Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moldova Xarici İşlər Nazirliyinə çağırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirib.
Açıqlamada Səfir Vasnetsovun nazirliyə çağırıldığı və Rusiya Silahlı Qüvvələri Mərkəzi Hərbi Dairəsinin komandanının müavini Rüstəm Minnekayevin Dnestryanı ilə bağlı dediyi sözlərin dərin iğtişaşlara səbəb olduğu bildirilib:
“Bu bəyanatlar əsassızdır və Rusiyanın Moldovanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən mövqeyinə ziddir”.
Xatırladaq ki, komandan müavini Rüstəm Minnekayev dünənki açıqlamasında “Ukraynanın cənubuna nəzarət rusdilli əhaliyə zülm edildiyi Dnestryanı bölgədə çıxış yolunu təmin edəcək”, – deyə bildirib.
Qeyd edək ki, Moldova 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra Dnestr çayının şərq sahilində yerləşən Dnestryanı bölgə birtərəfli qaydada müstəqilliyini elan edib.
Belə ki, Moldova ilə Dnestryanı arasında müstəqillik elan edildikdən sonra başlayan silahlı münaqişələr 22 iyul 1992-ci ildə atəşkəslə başa çatdı. Bundan sonra Rusiya “Sülhməramlılar” adlandırdığı hərbi hissələrini Dnestryanı bölgəyə yerləşdirdi.
İqbal Rzayev,
KONKRET.az
