“TRIPP marşrutu layihəsinə qoşulmaq və ümumiyyətlə, burada yer almaq təbii ki, Moskvanın istəyidir. Lakin mövcud regional reallıqlar və risklər hələlik Rusiyanın bu iştirakını tam reallığa çevirməyə imkan vermir. Çünki bu barədə yekun qərar qəbul edilməyib və bunun üçün zəruri siyasi zəmin tam formalaşmayıb.
Burada diqqət çəkən bir neçə məqam var. Ermənistanın dəmir yolu şəbəkəsi hələ də Rusiya Dəmir Yollarının idarəçiliyindədir”.
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasın da səsləndirib:

“Rusiya hesab edir ki, bu nəqliyyat dəhlizində pay sahibi olmaması onun gələcək regional təsir imkanlarını qeyri-müəyyənləşdirə bilər. Bundan əlavə, Ermənistanın nəqliyyat və logistika sahəsində Qərblə, xüsusilə də ABŞ ilə əməkdaşlığını genişləndirmək istiqamətində marağı Moskvanı narahat edən amillərdən biridir.
Bu məsələdə Çin amili də diqqətdən kənarda qalmır. Pekin regionda Vaşinqtonun təsir imkanlarının genişlənməsini müsbət qarşılamır. Eyni zamanda, İran da ABŞ-nin bölgədə mövqelərini gücləndirməsini öz milli təhlükəsizliyi baxımından risk hesab edir”.
Siyasi şərhçi vurğulayır ki, bu səbəbdən Rusiya və İran regionda öz təsir imkanlarını qorumağa çalışırlar.
“Çinlə Rusiyanın tranzit-logistika və iqtisadi sahələrdə əməkdaşlığı da bu mövqeyi gücləndirən amillərdəndir. Rusiyanın prosesdən kənarda qalmasını Çin özü üçün məqbul variant hesab etmir.
Həmçinin Rusiya bu layihədə iştirakını təmin etməyə çalışsa da, Ukrayna müharibəsinin yaratdığı vəziyyət, İran–ABŞ danışıqlarının gedişi və Cənubi Qafqazla bağlı mümkün geosiyasi razılaşmalar prosesin gələcək inkişafına ciddi təsir göstərəcək. Bu məsələlər üzrə əldə ediləcək mümkün güzəştlər və kompromislər regiondakı yeni siyasi balansın formalaşmasında mühüm rol oynaya bilər”.
Aynurə İsmayıl
KONKRET.az
