Rusiya Xarici İşlər Nazirliyi ABŞ və Türkiyəyə müraciət edərək, Amerika istehsalı olan böyük həcmdə silah və sursatın Ukraynaya mümkün ötürülməsi ilə bağlı məlumatlara aydınlıq gətirilməsini istəyib.
KONKRET.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Zaxarovanın sözlərinə görə, ABŞ Konqresinin dərc etdiyi sənədlərdə Kiyevə böyük həcmdə silahların mümkün çatdırılmasından bəhs olunur.
Söhbət 12 ədəd M270 MLRS reaktiv yaylım atəşi sisteminin buraxılış qurğusundan, 2,5 mindən çox idarəolunmayan kaset sursatından, 47 min ədəd 203 millimetrlik kaset artilleriya mərmisindən, eləcə də 70 ədəd ATACMS operativ-taktiki raketindən gedir.
Mariya Zaxarova bildirib ki, belə genişmiqyaslı reeksportun hansı şəraitdə və hansı şərtlərlə həyata keçirilə biləcəyi hələ də aydın deyil. Moskva silahların ötürülməsinin təşəbbüskarının kim olduğu, onların Ukraynaya necə və nə vaxt çatdırılacağı barədə dəqiq məlumatın olmadığını bildirir.
Rusiya tərəfi məhz bu qeyri-müəyyənlik səbəbindən ABŞ və Türkiyədən izahat istəyib və mümkün silah transferindən narahatlığını ifadə edib.\\Musavat.com
