Moskvaya gecə saatlarında kütləvi PUA hücumu – Dəhşətli yanğınlar və yaralılar varbackend

Moskvaya gecə saatlarında kütləvi PUA hücumu - Dəhşətli yanğınlar və yaralılar var

Ukrayna gecə saatlarından səhərədək Rusiyanın Moskva vilayətinə kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu həyata keçirib.

KONKRET.az xəbər verir ki, Moskva meri Sergey Sobyaninin açıqlamasına görə, axşam saatlarından səhərədək Moskva istiqamətində 600-dən çox PUA uçub. Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemləri tərəfindən 201 PUA Moskva vilayətinə yaxınlaşarkən və region ərazisində məhv edilib. 

Sobyanin hücum nəticəsində üç nəfərin yaralandığını bildirib.

Hadisənin digər nəticələri ilə bağlı araşdırmaların davam etdiyi qeyd olunur.

Hücum fonunda Moskva vilayətinin Podolsk şəhər dairəsinin Koledino kəndində logistika obyektlərindən birində güclü yanğın qeydə alınıb. Açıq mənbələrdə yayılan məlumatlara əsasən, həmin ərazidə Wildberries-in böyük logistika mərkəzi yerləşir. Lakin yanğının məhz Wildberries-ə məxsus əsas anbarı vurması barədə məlumat hələ rəsmi təsdiqlənməyib. 

Bundan başqa, Domodedovo yaxınlığındakı logistika obyektlərindən birində də yanğın baş verdiyi bildirilir.

Rusiya rəsmiləri hücum zamanı PUA-ların böyük hissəsinin Moskva şəhərinə çatmadan hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirirlər.

Hücumun miqyası, obyektlərə dəymiş ziyanın həcmi və itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, Moskva və Moskva vilayəti son həftələrdə Ukraynanın genişmiqyaslı PUA hücumlarının əsas istiqamətlərindən birinə çevrilib. İyulun 28-də də Moskva istiqamətində təxminən 390 PUA-nın uçduğu açıqlanmış, Koledinoda logistika anbarında yanğın baş vermişdi.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*