Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilərmi? – MÜHÜM DETALLARbackend

Müddətsiz əlilliyi olan şəxslər yenidən müayinəyə çağırıla bilərmi? - MÜHÜM DETALLAR

Müddətsiz əlillik statusu alan şəxslərin bir daha tibbi müayinəyə cəlb olunub-olunmaması ilə bağlı cəmiyyətdə müxtəlif suallar yaranır. Bir çoxları müddətsiz əlilliyin şəxsin yenidən müayinədən tam azad olması anlamına gəldiyini düşünür.

Bəs müddətsiz əlilliyi olan şəxslər hansı hallarda yenidən müayinəyə çağırıla bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, müddətsiz əlilliyi olan şəxslər müəyyən hallarda yenidən tibbi müayinəyə cəlb edilə bilərlər.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin əsaslılığını şübhə altına alan əsaslı faktlar olduqda vətəndaş yenidən müayinəyə cəlb edilə bilər.

“Bu halda Tibbi-Sosial Ekspertiza Komissiyası, yəni Agentlik tərəfindən vətəndaşın əlillik vəziyyəti yenidən qiymətləndirilir”, – deyə vəkil qeyd edib.

Beləliklə, müddətsiz əlillik statusu şəxsin heç bir halda yenidən qiymətləndirilə bilməyəcəyi anlamına gəlmir. Lakin bunun üçün əlilliyin əsaslılığını şübhə altına alan əsaslı faktların mövcudluğu tələb olunur.

Fuad Məmmədovun sözlərinə görə, müddətsiz əlillik şəxsin əlillik statusunun müəyyən müddətdən sonra avtomatik olaraq yenidən təsdiqlənməsinə ehtiyac olmaması deməkdir. Bununla belə, qanunvericilikdə nəzərdə tutulan hallarda həmin şəxsin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi mümkündür.

Bu baxımdan, müddətsiz əlilliyi olan şəxsin yenidən müayinəyə çağırılması onun statusunun avtomatik olaraq ləğv edilməsi və ya əlilliyinin aradan qalxması demək deyil. Yenidən qiymətləndirmənin nəticəsindən asılı olaraq şəxsin mövcud əlillik statusunun saxlanılması və ya dəyişdirilməsi ilə bağlı müvafiq qərar qəbul edilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*