Mustafa Metin Kaşlılar: “Rus sülhməramlıları artıq Qarabağı tərk etməlidir”backend

Mustafa Metin Kaşlılar: "Rus sülhməramlıları artıq Qarabağı tərk etməlidir"

“Qarabağdakı qondarma qurumun ləğv edilməsi Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində və 24 saatlıq lokal antiterror əməliyyatında qalib gəlməsinin ardından yaşanan proseslərin nəticəsidir”.

Bu sözləri Türk Xarici Siyasəti Araşdırma Mərkəzinin (TUDPAM) sədr müavini, siyasi ekspert Mustafa Metin Kaşlılar KONKRET.az-a açıqlamasında deyib.

O bildirib ki, sonuncu lokal antiterror tədbirləri ilə birlikdə Azərbaycan Qarabağdakı erməni separatçılarını təmizlədi və bölgəyə nəzarəti tam təmin etdi:

“Bununla da, Ermənistanın Azərbaycana qarşı son dönəmlərdə artan təxribatları sona çatdı. Əlbəttə ki, bundan sonra bölgəyə sülh və sabitlik gələcək. Azərbaycan hakimiyyəti Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə və bərabərhüquqlu vətəndaşı olacağına da tam təminat verir.

Qarabağdakı separatçıların silahlarını təhvil verməsi, təslim olmaları və qondarma qurumun ləğv edilməsi, eləcə də Ruben Vardanyanın həbsi bölgədə Azərbaycanın mütləq üstünlüyə sahib olduğunu göstərir. Üstəlik, Azərbaycan bölgənin tək hakimi olduğunu həm Avropaya, həm də Rusiyaya sübut etdi”.

Ekspert Türkiyənin Azərbaycana dəstəyini də xüsusi qeyd edib:

“Rəsmi Bakı haqlı mövqeyini dünyaya çatdırmaq istiqamətində çox doğru həmlələr etdi. Azərbaycan lokal antiterror tədbirlərinin də öz legitim haqqı olduğunu bütün dünyaya çatdırdı. Əməliyyat boyunca mülki ermənilərə zərər verilmədi, hətta onların bölgəni könüllü şəkildə tərk etmələri üçün şərait yaradıldı. Ermənilərin Xocalıda etdiyi vəhşiliklərə baxmayaraq, Azərbaycanın bu humanist mövqeyi haqlı olduğunu bir daha göstərdi.

Həmçinin, Azərbaycanın tarixi zəfərində Türkiyənin də böyük rolu oldu. Rəsmi Ankara xarici siyasətdəki önəmli diplomatik fəaliyyətləri ilə Azərbaycanın haqlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Türkiyə bundan sonra da bölgədəki aktivliyini qoruyaraq, Azərbaycanın yanında yer alacaq və dəstəyini əsirgəməyəcək”.

Mustafa Metin Kaşlılar onu da diqqətə çatdırıb ki, Fransa kimi ölkələr isə hələ də Ermənistandan mədət umaraq bölgəyə daxil olmağa cəhd göstərirlər:
“Lakin bu, mümkün olmayacaq. Fəqət yenə də diqqətli olmaq lazımdır. Çünki Avropa Rusiyaya qarşı olduğu üçün bölgədə stabilliyi və sülh prosesini pozmaq niyyəti güdə bilər.

Ermənistanın isə bundan sonrakı məqsədi tamamilə “Qarabağ yükü”ndən xilas olmaq və Rusiyadan ayrılaraq, Avropanın yanında yer almaq olacaq. Onu da nəzərə almaq lazımdır ki, Rusiya Ukraynadakı müharibə nəticəsində digər bölgələrdəki aktivliyini də itirməyə başlayıb. Yəni Ermənistan hakimiyyəti bundan yararlanmağa çalışır”.

TUDPAM-ın sədr müavini vurğulayıb ki, artıq rus sülhməramlıları Qarabağı tərk etməlidir:
“Kreml Rusiyanın hələ də bölgədə olduğunu və proseslərə nəzarət etdiyini göstərmək üçün sülhməramlılarınını vaxtından əvvəl geri çağırmayacaq. Əslində, rəsmi Moskva sülhməramlıları bölgədən çıxarmaq istəmir və onları saxlamağa çalışacaq. Çünki Ermənistanın Avropa ilə yaxınlaşmasında sonra Kreml regiondakı əsgərlərindən İrəvan hakimiyyətinə təzyiq mexanizmi kimi istifadə etməyi hədəfləyəcək.

Buna rəğmən, Qarabağdakı qondarma qurumun ləğv edilməsi və separatçıların silahlarını yerə qoymasından sonra bölgədə Rusiyanın hərbi kontingentinə ehtiyac qalmayıb. Ümumiyyətlə, indiki vəziyyətdə rus sülhməramlıları Qarabağı tərk etməlidir. Hətta 2025-ci ildən öncə belə onların bölgədən çıxarılması ciddi şəkildə gündəmə gələ bilər”.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*