“Mançester Siti”nin ittiham olunduğu maliyyə pozuntuları epizodları sırasında komandanın sabiq baş məşqçisi Roberto Mançininin müqaviləsi ilə bağlı hallar da mövcuddur.
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
İttihama əsasən, italiyalı mütəxəssisin “Mançester Siti” ilə rəsmi müqaviləsi ilə yanaşı, onun məvacibini faktiki olaraq ikiqat artıran qeyri-rəsmi bir razılaşması da olub. Rəsmi müqaviləyə görə mütəxəssis ildə 1.69 milyon avro qazanırdı. Onun həmçinin Şeyx Mənsura məxsus olan “Əl-Cəzirə”dən illik 2.03 milyon avro əlavə gəlir əldə etdiyi iddia olunur.
Bu razılaşma çərçivəsində Mançiniyə həmin məbləğin ildə təxminən dörd gün davam edən minimal məsləhətçi işi üçün verildiyi bildirilir. Vəsaitlər klubla əlaqəli olan strukturlar vasitəsilə köçürülüb. Bildirilir ki, bu cür sxem ödənişlərin gerçək həcmini gizlətməyə və maliyyə qaydalarından yayınmağa imkan yaradıb.
Həm “Mançester Siti”, həm də Mançini isə bu iddiaları təkzib ediblər.
Xatırladaq ki, Mançini 2009-2013-cü illərdə “Mançester Siti” futbol klubunu çalışdıraraq, İngiltərə Premyer Liqasının, eləcə də İngiltərə Kuboku və Superkubokunun qalibi olub.
Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının maliyyə qaydalarını pozmaqda ittiham olunur.
