Son dövrlər Azərbaycanda bəzi restoranlarda müştəriyə təqdim edilən hesabda masa xidmətçisinin göstərdiyi xidmətə görə əlavə ödəniş, yəni “servis haqqı” tələb olunur. Bu məbləğ adətən ümumi məbləğin 10 faizini təşkil edir, bəzən də daha çox olur. Bəs bunun tətbiqi nə dərəcədə qanuni və doğrudur?
Mövzunu KONKRET.az-a şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Azərbaycanda 10 ilə yaxındır servis haqqı deyilən bir qayda mövcuddur:

“Bunun əcaib formaları da var. Kimisi kassa çekinə yazır, başqası istehlakçıdan məcburi formada tələb edir və sairə. Ümumiyyətlə, restoranlarda istehlakçı hüquqlarının pozulması halları baş verir. Məsələn, üzü dənizə tərəf oturan müştəridən 20 manat artıq pul tələb edirlər. Bu cür əcaib fərqlər çoxdur. “Servis haqqı məsələsini dövlət qarşısında qaldırdıqda isə cavab sadə olur: Şəxsi əraziləridir, özləri bilərlər”. İstehlakçıların hüquqları ilə bağlı qanun 1995-ci ildə qəbul edilib və ölkədə bununla bağlı vəziyyət bərbaddır. Qanunun zəifliyindən restoran sahibləri istifadə edir. Servis haqqı bir çox ölkələrdə var. Məsələn Kanadada 15 faizdir və birbaşa ofisiantın özünə verilir. Albaniyada da mövcuddur. Orada kassa çekində yer ayrılıb. Ofisianta pul verəndə ora yazılı formada məbləği qeyd etmək olur. Amma Yaponiya və Çində servis haqqı anlayışı mövcud deyil. Burada ciddi məsələlərdən biri də müğənnilərlə restoran sahiblərinin iş birliyidir. İstehlakçıları “müğənnilər oxuyur” adı ilə aldadıb servis haqqı alırlar. Bu sahədə böyük hərcmərclik hökm sürür. Üstəlik, servis haqqı məsələsi turizm sektoruna da ciddi ziyan vurub və ölkədən turistləri qaçırdır. Bir sözlə, müəyyən məbləğ təyin edilməli, kassa çekinə yazılmalı və istehlakçı öncədən məlumatlandırılmalıdır. Əks halda qeyri-qanunidir və istehlakçıların aldadılmasına xidmət edir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
