“Amazon”un süni intellekt layihələri üçün satın aldığı nadir kitabların aqibəti məlum olub.
KONKRET.az xəbər verir ki,” AirTag” izləmə cihazı sayəsində sayəsində kitabın Las-Veqasdakı “Amazon” obyektinə aparıldığı və orada skan edilmək üçün parçalandığı aşkar edilib.
Cihaz süni intellekt yarışının kitabsevərlər üçün narahatedici tərəfini ortaya qoyub. Kitabın içinə yerləşdirilən izləmə cihaz müəyyən edib ki, burada şirkətin əməkdaşları kitabların cildini ayırır, səhifələri skan edərək rəqəmsallaşdırırlar. Obyektin girişində isə kitabı yararsız hala salan “T. rex” aparatı işə salınır. Bildirilir ki, həmin komanda bu prosesi nadir və köhnə kitabların topdan alışları üzərində davam etdirir.
Süni intellekt üçün bənzərsiz mətnlərin axtarışı
“Amazon” kitabları məhsul və xidmətlərini inkişaf etdirmək məqsədilə kommersiya kanalları vasitəsilə satın aldığını desə də, onların süni intellekt modelinin təlimində istifadə olunub-olunmadığı barədə ətraflı məlumat verməyib.
İşçilərin sosial şəbəkələrdə paylaşdıqları məlumatlara görə, obyektdə kitabların barkod və ISBN nömrələri də skan edilir. Bu isə şirkətlərin nadir və bənzərsiz əsərləri sistemli şəkildə məlumat bazalarına daxil etdiyi barədə iddiaları gücləndirir. Xüsusilə az tanınan, ucuz qiymətə satılan köhnə kitablar bu prosesdə hədəfə çevrilir. Onların bir qisminin başqa dillərə heç vaxt tərcümə edilməməsi isə məsələni daha da diqqətçəkən edir.
Nadir kitabların dəyəri pulla ölçülmür
Kitab satıcılarının əsas narahatlığı bu əsərlərin maddi dəyəri ilə ölçülə bilməməsidir. Bəzi kitablar tarixi, mədəni və ya emosional baxımdan əvəzolunmaz hesab olunur. Hətta elə nəşrlər var ki, onların günümüzə yalnız bir nüsxəsi gəlib çatmış ola bilər.
Tənqidçilər bildirirlər ki, süni intellekt şirkətləri bu kitabları rəqəmsallaşdırdıqdan sonra əldə olunan məzmunu ictimaiyyətlə paylaşmır. İddialara görə, məsələ ilə bağlı gələcəkdə səlahiyyətli qurumlar tərəfindən müəyyən qaydalar tətbiq oluna bilər. Lakin hazırda bununla bağlı rəsmi açıqlama verilməyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
