NATO Putin-Zelenski danışıqlarından yalnız bu halda narahat olacaq – Alyansın parçalanacağı iddiasına REAKSİYAbackend

NATO Putin-Zelenski danışıqlarından yalnız bu halda narahat olacaq – Alyansın parçalanacağı iddiasına REAKSİYA

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə danışıqlara hazır olması NATO-nun parçalanmasına işarə edir”. Türkiyəli yazar Barış Dosterin bu açıqlaması əməlli-başlı səs-küy yaradıb. Onun bu fikirləri hansı əsaslarla səsləndirdiyi haqda geniş müzakirələr aparılıb. Bu açıqlama həm də NATO-nun parçalanacağı ilə bağlı məsələni gündəmə gətirib. Bəs görəsən Ukraynanın Rusiya ilə danışıqlara başlamasını NATO-nun parçalanması kimi dəyərləndirmək mümkündürmü?

Mövzunu KONKRET.az-a şərh edən QAFSAM sədri, siyasi şərhçi Araz Aslanlı bildirib ki, burada söhbət təkcə Rusiya-Ukrayna danışıqlarının baş tutub-tutmayacağından getmir. Məsələ o danışıqların hansı şərtlər əsasında reallaşacağıdır: “İndiyə qədər Ukrayna prezidenti və digər rəsmiləri Rusiyanın işğal etdiyi ərazilərdən tam çıxacağı halda danışıqlara başlayacaqlarını bəyan ediblər. Yəni söhbət Ukrayna ərazilərinin müzakirə mövzusu olmayacağı bir danışıqlardan gedir. Bu, NATO-da ciddi bir fikir ayrılıqlarına səbəb olmayacaq. Əgər NATO-nun konsepsiyasında sadəcə Ukrayna böhranını həll etmək yox, həm də Rusiyanı zəiflətmək fikirləri əks olunubsa,  o zaman Şimali Atlantika Alyansı Moskva-Kiyev danışıqlarından narahat ola bilər. Hal-hazırda onsuz da NATO ölkələrinin bir hissəsi müharibənin tez yekunlaşmasını istəyir. Digər ölkələr isə düşünürlər ki, müharibənin dayandırılması yalnız Ukraynanın istədiyi şərtlər daxilində mümkündür. Ona görə də, hesab edirəm ki, rəsmi Kiyevin diqtə etdiyi şərtlər əsasında danışıqlara start verilsə, o zaman NATO-da müəyyən fikir ayrılıqları yaransa da, çox ciddi parçalanma olmayacaq”.

Politoloqun sözlərinə görə, kimlərsə Rusiyanı daha ağır cəzalandırmağın lazım olduğunu düşünə bilərlər: “Amma son nəticədə müharibəni başa çatdıracaq danışıqların olmasını hər kəs istəyir. NATO-da fikir ayrılıqları mütləq danışıqlar aparılsın deyənlərlə, Ukraynanın diqtə etdiyi şərtlərlə masaya əyləşilsin fikrini irəli sürənlər arasındadır. Avropa dövlətlərinin bir hissəsi, yəni Rusiyadan enerji asılılığı olan ölkələr danışıqların istənilən şərtlərlə başlamasına tərəfdardılar. Amma ABŞ başda olmaqla NATO üzvü olan dövlətlərin bir hissəsi isə yalnız Ukraynanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinin mümkün olduğunu söyləyirlər. Amma NATO-nun parçalanması ehtimalı çox zəifdir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*