Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov, Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, aidiyyəti qurumların nümayəndələri, xəstəxana kollektivi və kənd icma nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov görülən işlərin rayon əhalisi üçün əhəmiyyətini vurğulayaraq, tibbi xidmətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm nəticələr verdiyini qeyd edib.
Səhiyyə naziri Samiq Sadıxov çıxışında bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən Dövlət Proqramına uyğun olaraq reallaşdırılan islahatların əsas məqsədi əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsidir. Çıxışı zamanı nazir son dövrlərdə səhiyyə sahəsində aparılan yeniliklər barədə məlumat verib, həmçinin yaxın zamanlarda Şərur Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilməsi nəzərdə tutulan yeni layihələrdən bəhs edib.








