Noyabrın 6-da Ermənistan Parlamenti sədrinin müavini Alen Simonyan və parlamentin Dövlət və Hüquq Məsələləri daimi Komissiyasının rəhbəri Vladimir Vardanyan Moskvaya səfərə gəldilər. Noyabrın 11-dək davam edəcək səfərin təfərrüatları açıqlanmasa da müəyyən ehtimallar var. Belə ki, Qərbdən istədiyi dəstəyi ala bilməyən Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ savaşında son ümid yeri kimi Moskvaya baxır. Ona görə də Rusiyanın siyasi elitasının nümayəndələri ilə danışıqlara Paşinyan ən etibarlı adamlarını göndərib. Əslində, bir müddət əvvəl Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan Rusiya ilə məsləhətləşmələrin “çox gizli” rejimdə aparıldığını söyləmişdi. Bununla da Ermənistan ən azı Rusiyadan çox tərəfli dəstək alacağı fonunu yaratmaq istəyir. Üstəlik, heç kimə sirr deyil ki, oktyabr ayından başlayaraq erməni siyasətçiləri Qarabağ savaşını beynəlmiləlləşdirməyə çalışır. Yəni Ermənistan çalışır ki, ən azı Rusiyanı bu savaşa cəlb eləsin. Türkiyə və İran faktorundan istifadə edərək ABŞ və Avropanı bu münaqişəyə maraqlandırmaq da İrəvanın planlarına daxildir.
İrəvanın pandemiya dövründə bütün resurslarını xərcləyib. Xarici köçürmələrin azalması və Qarabağda savaşın uzanması Ermənistana dalana dirəyib. Ona görə də hazırkı vəziyyətdə İrəvan Rusiyaya nicat qapısı kimi baxır. Tək bir faktı deyək ki, Lukaşenko oktyabr seçkilərindən sonra Moskvaya etdiyi davamlı zənglərin rekordunu Paşinyan son bir ayda yenilədi. Yanlış vaxtda və yersiz olsa belə. Baxmayaraq ki, bu ədəbsizlik Ermənistan siyasi elitası üçün adi haldır.
Xatırlayırsınızsa, 2019-cu ildə Ermənistan baş naziri Moskvaya razılaşdırılmamış bir səfər etdi. Rusiya prezidentinin sıx iş qrafiki və razılaşdırılmamış səfər üzündən o zaman Putin Paşinyanı qəbul etmədi. Etika xatirinə tələsik Baş nazir Dmitri Medvedyev tərəfindən Paşinyan qəbul edildi. Paşinyan ona göstərilən “diqqətsizliyi” bağışlamadı. Və 2019-cu ilin oktyabrında Paşinyan Ermənistana rəsmi səfərə gələn Vladimir Putini Zvartnots hava limanında qarşılamağa gəlmədi. Amma Putinin səfər çərçivəsində sabiq prezident Robert Koçaryanla görüşəcəyi xəbərini eşidən Paşinyan tələsik Hava Limanına yola çıxdı. Amma gec idi. Lakin bu Paşinyanın Putinə son yanlışlığı deyildi. Paşinyan hakimiyyətdə olduğu müddətdə qərb yönümlü siyasət yürüdərək Moskvaya yaxınlığı ilə tanınan bir çox simaları, o cümlədən sabiq prezident Robetr Koçaryanı barmaqlıqlar arxasına atdırdı. Bir sıra Rusiya şirkətlərinə qarşı cinayət işi başladıldı. Ən nəhayət, bu ilin iyun ayında Ermənistanın Baş naziri respublikadakı epidemioloji vəziyyəti bəhanə edərək Moskvadakı “Zəfər Paradı”nda iştirakdan imtina etdi.
Amma iyul ayında Ermənistanla Azərbaycan arasında baş verən qarşıdurma vaxtı Paşinyan dəvətsiz olaraq başıalovlu Moskvaya gəldi. Bu dəfə də Paşinyanı Putin yox baş nazir Mixayıl Mişutsin qəbul etdi.
Bütün bunların rəsmi Moskvanın Paşinyana olan soyuq münasibətin göstəricisidir. Ancaq Ermənistan yenə də Moskvadan əl çəkmir. İrəvan ən pis halda Rusiyanın sülhməramlılarını Qarabağa gətirməyə çalışır. Və bu yolda İrəvan ABŞ və İranın sülhməramlı məsələsində təşəbbüslərini cavabsız qoydu. Bununla da Paşinyan Rusiyaya sədaqətli qaldığını sübut etməyə çalışdı. Qəribə burasıdır ki, Azərbaycan tərəfi də öz növbəsində Rusiya Federasiyasının nizamlanmada iştirakını istisna etməyib və sülhməramlı qüvvələr məsələsində Rusiya ilə müzakirələrə açıq olduğunu bəyan edib. Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatlar teatrında qazandığı uğurları nəzərə alsaq, bu mövqe Moskva üçün də cəlbedici görünür.
Görünənsə odur ki, İrəvan bütün vasitələrlə beynəlxalq qüvvələri, ilk növbədə isə Rusiyanı Qarabağ münaqişəsinə cəlb etmək istəyir. Bununla da İrəvan münaqişəni yenidən dayandırmaq və əvvəlki status-kvoya qayıtmaq istəyir. Ona görə də Ermənistanlı parlamentarilərin Moskvaya son səfərinin məqsədi aydındır. Nəticələri isə yaşayıb görərik.
“NEWS.ru” 7 noyabr. 2020.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az
