Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluqbackend

Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq

Avtomobilinə dövlət qeydiyyat nişanı almaq istəyən şəxsdən 3 600 manat alan şəxslə bağlı cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

KONKRET.az qaynarinfo.az-a istinadən xəbər verir ki, ittihama əsasən, təqsirləndirilən şəxs internet saytlarında avtomobillərin dövlət qeydiyyat nişanlarının satışı ilə bağlı elan yerləşdirib.

Bundan sonra zərərçəkmiş şəxs elan üzrə onunla əlaqə saxlayaraq avtomobil nömrəsi almaq istədiyini bildirib. Tərəflər nömrənin 3 600 manata satılması barədə razılaşıblar.

Daha sonra zərərçəkmiş şəxs müəyyən olunmuş ünvana gedib. Təqsirləndirilən şəxs isə ona köməkçisini göndərəcəyini bildirərək pulun və avtomobilin dövlət qeydiyyat şəhadətnaməsinin həmin şəxsə verilməsini istəyib.

Bir müddət sonra tanımadığı şəxs zərərçəkmiş şəxsin yanına gəlib və o, 3 600 manat pulu həmin şəxsə verib. Lakin bundan sonra razılaşdırılmış avtomobil nömrəsinin təqdim edilməsi baş tutmayıb.

Zərərçəkmiş şəxs bir neçə saat gözləsə də, məsələ həll olunmayıb. Növbəti gün də nəticə əldə edilməyib. Zərərçəkmiş şəxs sonradan təqsirləndirilən şəxslə əlaqə saxlamağa çalışsa da, onun zənglərinə cavab verilməyib.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, 3 600 manatın tanımadığı şəxs vasitəsilə ona çatdırıldığını təsdiqləyib.

Təqsirləndirilən şəxs həmçinin vurulmuş ziyanı ödəmədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini bildirib. O, törətdiyi əməldən peşman olduğunu deyərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.

Məhkəmə araşdırması nəticəsində təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsindən (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) həmin Məcəllənin 178.1-ci maddəsinə (aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını və ya əmlak hüquqlarını ələ keçirmə) tövsif edilib.

Məhkəmənin hökmü ilə ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*