Kaş bütün insanlar beş il susaydılar – Təkəbbür, şəhvət və tamah dünyanı idarə edirbackend

Kaş bütün insanlar beş il susaydılar - Təkəbbür, şəhvət və tamah dünyanı idarə edir

Tanınmış Rusiya yazıçı, dramaturq, tarixçi və televiziya aparıcısı Edvard Radzinskinin çox maraqlı yazısı ilə tanış oldum.

KONKRET.az-ın oxucularına yazını təqdim edirik:

“Bəzən qəfildən, çox aydın şəkildə anlayırsan ki, həyat keçir. Özü də olduqca sürətlə. İnsanlar gülməlidir. Məsələn, iki rubl itirsəm, üzülərəm. Halbuki hər saniyə həyatımızdan bir saniyə itiririk. Və heç nə… bunu heç hiss etmirik.

“Bütün dünya teatrdır, insanlar isə orada aktyorlardır”. Mən tarixlə məşğul olmuşam. Tarix bizə bu teatr haqqında danışır. Əsrdən əsrə insanlar-aktyorlar eyni tamaşanı oynayırlar. Sadəcə geyimlərini dəyişirlər: toqalar, kamzollar, fraklar, redinqotlar, şalvarlar, cinslər… Amma tamaşanın özü dəyişmir.

Hakimiyyət, pul və ehtiras bu tamaşanın süjetini hərəkətə gətirir. Lakin bütün bunların üzəri mütləq azadlıq, bərabərlik və bəşəriyyətin xoşbəxtliyi vədləri ilə örtülür. XX əsr boyu insanlar parlaq gələcəklə bağlı nəzəriyyələri həyata keçirməyə çalışdılar. Amma nəhəng texniki tərəqqi və bütün bu “işıqlı gələcək” nəzəriyyələri sonda konslagerlərə, terrora və milyonlarla insanın qanına gətirib çıxardı.

Mənim bir nəzəriyyəm var: insan tamamilə yorulanda artıq pis ola bilmir. Pis sifət ifadəsi yaratmaq üçün üz əzələlərini belə yığmağa gücü çatmaz. Əsl yorğunluq aydın və sakit bir üzdür.

Əgər mənim fikrim sizinkindən fərqlidirsə, bu o demək deyil ki, mən sizin düşməninizəm və ya axmağam. Bu, sadəcə mənim başqa fikrim olduğunu göstərir.

Kaş bütün insanlar beş il susaydılar. Onda bütün sözlər yenidən böyük məna qazanardı.

Mən deyirəm: “Mənə böyük, təmiz, həqiqi bir şey verin”. Mənə isə cavab verirlər: “Fil götürün, onu vannada yuyun”. Budur sizə böyük, təmiz və həqiqi.

İnsanlar sadəcə paltarlarını dəyişiblər. Romada toqa geyinirdilər. Sonra kamzollar geyindilər. Daha sonra fraklar. İndi isə cinslər. Amma özləri dəyişməz qaldılar. Onları yenə də eyni ehtiraslar, eyni eybəcər xüsusiyyətlər idarə edir. Təkəbbür, şəhvət və tamah dünyanı həm keçmişdə idarə edib, həm də bundan sonra idarə edəcək.

Bu gün nəhəng bir texnologiya qülləsi ucaldılıb və onun yanında insan mənəviyyatının yazıq bir təpəciyi sığınacaq tapıb. Elə gələcək faciələrin vədi də budur.

Bizi yeni inqilablar gözləyir. Amma onların nəticəsi həmişə eyni olur: xalqlar bir müddət sonra anlayırlar ki, tələsik qərar veriblər, həddindən artıq coşublar.

İngiltərədə kralını edam edən xalqın tarixində də belə olub, Fransada da. Xalqlar külək kimidir: bu gün bir tərəfə əsirlər, sabah isə tamamilə başqa istiqamətə.

Xalqlara çox arxalanmaqda ehtiyatlı olun!

Hazırladı Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*