Bakıda nəqliyyat böhranı nə vaxta qədər davam edəcək? – Siyasi şərhçidən AÇIQLAMAbackend

Bakıda nəqliyyat böhranı nə vaxta qədər davam edəcək? – Siyasi şərhçidən AÇIQLAMA

Bakıda son günlər nəqliyyat sıxlığının kəskin artması paytaxt sakinlərinin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib. Əvvəllər əsasən pik saatlarda müşahidə olunan tıxacların artıq günün müxtəlif vaxtlarında, hətta gecə saatlarında belə yaşanması problemin miqyasını daha da artırıb.

Bəs paytaxtdakı nəqliyyat xaosu nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Azərbaycanın müstəqillik illərində son günlərdəki qədər ciddi nəqliyyat sıxlığı, demək olar ki, müşahidə olunmayıb:

DİQQƏT: Bu icra başçıları yola salına bilər, yerinə isə…

“Paytaxtda müxtəlif tədbirlər zamanı müəyyən məhdudiyyətlərin tətbiq olunması başadüşülən idi. Lakin indiki vəziyyəti izah etmək çətindir. Azərbaycanda bir neçə dəfə Formula 1 yarışı keçirilib, amma heç vaxt belə bir vəziyyət yaranmayıb.

Hazırda vəziyyət o qədər mürəkkəbləşib ki, tıxacların vaxtını əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Əvvəllər insanlar bilirdilər ki, günün hansı saatlarında hansı yollarda sıxlıq yaranır və həyatlarını buna uyğun planlaşdırırdılar. İndi isə gecə saat 3-də belə tıxacla qarşılaşmaq mümkündür”.

Siyasi şərhçi bəzi qurumların tıxac problemini qəsdən daha da ağırlaşdırdığını iddia edib. Onun sözlərinə görə, nəqliyyat sıxlığının artması avtomobil sahibləri üçün əlavə xərc də yaradır:

“Bəzi qurumların qəsdən tıxac yaratdığını düşünürəm. Bu, ilk növbədə avtomobil sürücülərini əlavə xərcə salır. Söhbət yanacaq sərfiyyatından gedir. İnsanlar tıxacda saatlarla qaldıqca daha çox benzin sərf edirlər. Bu problem getdikcə daha üzücü vəziyyətə çatır”.

Cavanşir Abbaslı hesab edir ki, Formula 1 yarışının başa çatmasından sonra paytaxtdakı sıxlığın müəyyən hissəsi azalsa da, problemin tam həll olunacağı gözlənilmir:

“Çoxları düşünür ki, Formula 1 başa çatdıqdan sonra problem aradan qalxacaq. Xeyr, müəyyən hissəsi aradan qalxacaq. Lakin ölkədə metro və dəmir yolu xətləri çəkilsə belə, bu problemlər yenə yaşanacaq. Ona görə də aidiyyəti qurumlar ciddi tədbirlər görməlidirlər”.

Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri qərar qəbul edən şəxslərin gündəlik nəqliyyat çətinliklərini birbaşa yaşamamasıdır:

“Qərar verənlərin bir qismi lüks avtomobillərdən və şəxsi sürücülərdən istifadə edir. Ona görə də bu problemin insanlar üçün nə qədər ciddi olduğunu tam hiss etmirlər. Burada “acın toxdan nə xəbəri var” məsəli ortaya çıxır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*