Novruz tətilinə çıxmağa hazırlaşanlara pis xəbər — Müharibəyə görə…backend

Novruz tətilinə çıxmağa hazırlaşanlara pis xəbər — Müharibəyə görə...

Novruz bayramına sayılı günlər qalmış turizm sektorunda ciddi canlanma qeydə alınır. Baharın gəlişi ənənəvi olaraq istirahət və səfər planlarını aktuallaşdırır. Çox sayda vətəndaş bu günləri ailəsi ilə birlikdə müxtəlif bölgələrdə və ya xarici ölkələrdə keçirməyə hazırlaşır. Bayram günlərində nəqliyyat vasitələrinə və turizm xidmətlərinə tələbatın kəskin artması isə həm qiymət siyasətinə, həm də planlaşdırma prosesinə birbaşa təsir göstərir. Səyahət qərarı verməzdən əvvəl bir sıra mühüm məqamların nəzərə alınması istirahətin rahat və təhlükəsiz keçməsi üçün əsas şərtdir. Bu səbəbdən mövcud təkliflər və şərtlər diqqətlə qiymətləndirilməlidir.

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı turizm eksperti Rahib İsmayılzadə Demokrat.aza bildirib ki, bu il Novruz bayramı və Ramazan bayramı üst-üstə düşür:

“Bu səbəbdən turizm sektorunda canlanma müşahidə olunur. Lakin hər bayram dövründə olduğu kimi, bu dəfə də qiymətlərin artacağını indidən açıq şəkildə demək mümkündür. İstər daxili, istərsə də xarici turlarda qiymətlər yüksəlir. Uçuş biletləri, otellər və digər xidmətlər bayram günlərində nisbətən baha olur. Hazırkı dövrdə regionda davam edən müharibə və geosiyasi gərginlik də səyahət planlarına təsir edə bilər. Bu vəziyyət bəzi istiqamətlərə səfərləri riskli edə bilər. Ümumiyyətlə, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir”.

Onun sözlərinə görə, gərginlik bayrama qədər səngiməzsə, xüsusilə Yaxın Şərq regionuna olan maraq azala bilər:

“Dubay, Doha və Şarm əl-Şeyx kimi istiqamətlər Azərbaycanlı turistlərin ən çox üz tutduğu yerlər sırasındadır. Lakin mövcud şərait bu bazara təsir göstərə bilər. Belə olan halda turistləər ya alternativ istiqamətlər seçəcək, ya da daxili turizmə üstünlük verəcəklər. Asiya istiqamətində də bəzi aviaşirkətlərin uçuşları ləğv etməsi və ya təxirə salması müşahidə olunur. Bu da səyahət planlaşdıranlar üçün əlavə çətinlik yaradır. Hazırkı şəraitdə həmin istiqamətlərə getmək əvvəlki qədər əlverişli deyil”.

Ekspert qeyd edib ki, Türkiyə və xüsusilə İstanbul hər zamankı kimi ən çox seçilən marşrutlar arasındadır:

“Vizasız səyahət imkanı olanlar üçün bu bazar daha əlçatan sayılır. Vizası olmayan şəxslər isə daha çox daxili istirahət variantlarını nəzərdən keçirirlər. Yerli otellərdə də bayram ərəfəsində qiymət artımı müşahidə olunur. Tövsiyəm ondan ibarətdir ki, insanlar hazırkı şəraitdə qərar verərkən tələskənlik etməsinlər. Dünyada baş verən proseslər gözlənilməz dəyişikliklər yarada bilər. Ona görə də imkan daxilində bayramı ölkə daxilində keçirmək daha təhlükəsiz və rahat seçim ola bilər”.

Qeyd edək ki, hazırda daxili bazarda xüsusilə bölgə otellərinə maraq böyükdür. Şimal və qərb istiqamətlərindəki mərkəzlərdə yerlərin böyük hissəsi artıq rezervasiya olunub. Qiymət artımı daxili turizmdə də özünü büruzə verir. Xarici turlarda isə sığorta və ləğv edilmə şərtlərinə xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*