Türkiyənin Adana şəhərində ögey ana 3 yaşlı uşağı ölümcül döyüb.
KONKRET.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, şiddətli döyülən uşaq beyin qanaması keçirdiyi üçün komaya düşüb.
Atası Cəfər Mustafa və ögey anası Visal İbrahim tərəfindən Yüreğir Dövlət Xəstəxanasına gətirilən 3 yaşlı Nurcan Mustafanın üzərinə motosiklet düşdüyü bildirilib. Müayinə zamanı uşağın bədəninin müxtəlif yerlərində göyərmə izləri aşkar edilib. Belə ki, uşağın üzündə, belində, qolunda və başında döyülmə, digər qolunda isə dişləmə izlərinin olduğu üzə çıxıb. Göyərmə izlərinin isə bir neçə gün bundan əvvələ aid olduğu məlum olub.
Nurcan beyin qanaması keçirdiyi üçün xəstəxanaya gətirilən kimi dərhal reanimasiyaya yerləşdirilib.
Polis hadisənin araşdırılması üçün ögey ana Visal İbrahimi, ata Cəfər Mustafanı və evdə olan digər ailə üzvlərindən əmi İbrahim Mustafanı (21), nənə Fatma Azğiri (56) saxlayıb. Əvvəlcə uşağın üzərinə motosikletin düşdüyünü deyən şübhəlilər, daha sonra Nurcanın ögey anası tərəfindən döyüldüyünü etiraf ediblər.
Sorğu-sual zamanı ögey ana ifadəsində uşağın dayanmadan ağladığını, ərindən uşağı həkimə aparmasını, lakin onu dinləmədiyini, uşağın ağlamaq səsindən psixaloji olaraq əsəblərinin korlandığını və buna görə uşağı ölümcül döydüyünü deyib.
Həkimlər hazırda uşağın vəziyyətinin çox ağır olduğunu, həyatda qalmaq üçün mübarizə apardığını bildirib.





Hazırladı: Firuzə ALİMOVA
