Ölkədə intihar halları sürətlə artır – Psixoloq həyəcan təbili çalırbackend

Ölkədə intihar halları sürətlə artır - Psixoloq həyəcan təbili çalır

Əgər bu gün kişinin cəmiyyətdəki statusu qorunub saxlanılmırsa… – Psixoloq intihara sürükləyən ilginc səbəbləri açıqlayır

Elnur Rüstəmov: “Ailə dəyərlərimizə olan kənar müdaxilələr artdıqca, intiharların sayı çoxalır”

Adətən “dünyanın bəlası” ifadəsini işlədərkən ya xərçəng xəstəliyi, ya da narkotik maddələrdən asılılıq nəzərdə tutulur.  Lakin qloballaşan dünyanın təhlükə saçan bir bəlası da mövcuddur.

İNTİHAR

Bəli bu gün müasirləşən dünyanın ən böyük bəlası hesab edilir İNTİHAR…

Çünki statistika dünyada intihar edənlərin, yaxud buna cəhd göstərənlərin sayının demək olar ki, hər gün artdığını göstərir. Təsəvvür edin ki, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur.

Təəssüflər olsun ki, bu bəladan və qorxunc statistikadan Azərbaycan da kənarda qalmır. Belə ki, aparılan təhlillər ölkədə intihar hallarının sürətlə artdığını deməyə əsas verir. Statistikaya əsasən ölkəmizdə hər il 400-dək insan həyatına son qoyur.  Ən dəhşətlisi isə budur ki, ölkədə uşaqlar arasında intihar hallarının sayı durmadan artır.  

Təxminən 6-10 il öncənin statistikasına nəzər saldıqda görürük ki, Azərbaycanda 2008-ci ildə 58, 2009-cu ildə 54, 2010-cu ildə 51, 2011-ci ildə 28, 2012-ci ildə 60, 2013-cü ildə isə 71 uşaq intihar edib. Yaşadığımız 2019-cu ildə isə bu rəqəm daha çoxdur. İntihar hallarının gəncləşməsi həyəcan təbili çalmağa əsas verir.

Bəs, görəsən, uşaqlar niyə intihar edirlər? Ümumiyyətlə, Azərbaycanda insanları intihara sürükləyən səbəblər hansılardır?

KONKRET.az mövzunu tanınmış psixoloq, Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovla müzakirə edib.  Ekspert bildirib ki,  bü gün dünyanın hər yerində intihar hallarının sayı artıb: “Xüsusən uşaq depressiya və intiharlarının sayında artım müşahidə olunur.  Məsələ burasındadır ki, intiharların çoxalmasında konkret bir fakt deyil, bir çox səbəblər rol oynayır. Bura informasiya təhlükəsizliyinin qorunmamasından tutmuş, ailədaxili konfliktə, həyata məna qata bilməməyə qədər bir çox problemlər daxildir. Statistikaya nəzər saldıqda görürük ki, intiharlar daha çox inkişaf edən ölkələrdə baş verir. Çünki belə ölkələrdə insanların həyatdan gözləntiləri təkcə qida təminatı ilə bitmir. Bu cür ölkələrdə insanlar həyatlarında bir məna görmədikləri üçün intihar edirlər. Bu gün intiharların sayına görə, Şimali Avropa ölkələri birinci yerdədir. Onların həyat tərzinə, yəni iqtisadi durum və sosial təminatına nəzər yetirsək görürük ki, hər şey çox yüksək səviyyədədir. Bəs bu insanları intihara sürükləyən səbəblər hansılardır?. Aparılan araşdırmalar göstərir ki, bu insanlar rutin həyat tərzi yaşayırlar, yəni ailə, doğmalıq və qohumluq bağları demək olar ki, yox səviyyəsindədir”.

Elnur Rüstəmovun sözlərinə görə, intihar həm də yoluxucu bir bəladır: “Yəni bir ərazidə intihar baş verirsə, artıq növbəti faktların qeydə alınma ehtimalı yüksəkdir. Bu isə intihar hallarının adiləşməsinə və statistikaya çevrilməsinə gətirib çıxarır”.

Psixoloq qeyd edib ki, bu gün Azərbaycanda milli-mənəvi və ailə dəyərləri qorunub saxlanıla bilmir: “Ailə dəyərlərimizə olan kənar müdaxilələr artdıqca, intiharların sayı çoxalır. Bu gün ailə dəyərlərinə olan kənar müdaxilələrin çoxluğu özünü boşanmaların artan statistikasında da biruzə verir. Burada məsələyə fərdi , subyektiv yox, ümumi cəmiyyət baxımdan yanaşılmalıdır”.

Psixoloq əlavə edib ki, intiharların sayını minimuma endirmək üçün, milli-mənəvi dəyərlər üzərində konsepsiya yaranmalıdır: “Bu gün milli-mənəvi dəyərlərə ciddi şəkildə müdaxilələr mövcuddur. Bu dəyərləri qoruyub saxlamaq istəyənləri isə köhnə təfəkkürlü adlandıraraq çıxdaş edir və cəmiyyətdən kənarlaşdırmağa çalışırlar. Adamları boykot etmək doğru hal deyil. Çünki bu zaman insan digərlərinə xoş gəlmək üçün populist çıxışlar etməyə başlayır. Söhbət yanaşmadan gedirsə, özünü “müasir”adlandıran şəxslər ortaya elmi fakt qoymalıdırlar. Gender bərabərliyi ilə feminizmi eyniləşdirənlər, cəmiyyəti uçuruma sürükləyirlər. Əgər bu gün kişinin cəmiyyətdəki statusu qorunub saxlanılmırsa və buna kənar müdaxilədən söhbət gedirsə, o zaman həmin şəxs evində necə atalıq edəcək?. Bu məqamlara ciddi surətdə diqqət yetirmək və eyni zamanda  informasiya təhlükəsizliyini qorumaq lazımdır”.

Müşfiq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*