Öncə FHN, indi də Ədliyyə “intim yuva”ya çevrildi – Növbəti “görüş yeri” hara olacaq? – ƏTRAFLIbackend

Öncə FHN, indi də Ədliyyə “intim yuva”ya çevrildi – Növbəti “görüş yeri” hara olacaq? – ƏTRAFLI

Son zamanlar ölkə gündəmi müxtəlif dövlət qurumlarının yüksək rütbəli əməkdaşlarının intim görüntüləri ilə silkələnir. Amma yeni tendensiya və dəb halına çevrilən bu məsələ cəmiyyəti qətiyyən narahat etmir. Hamı intim görüntülərə baxmaq, öz seksual aclığını doyurmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxır. Aidiyyatı qurumlar isə “məhəbbət ovçuları”nı işdən kənarlaşdırmaqla məsələni ört-basdır etməyə çalışır. Bəs görəsən belə yüksək vəzifə daşıyan şəxslər intim ehtiyaclarını niyə işdən kənarda deyil, məhz öz kabinetlərində ödəməyə meyl edirlər? Hələ üstəlik erotik film çəkirmiş kimi biyabırçı görüntülərini lentə alaraq cəmiyyətə yayırlar. Cəmiyyət isə intim mövzularda o qədər aclıq çəkir ki, baş verən hadisələrin ciddiliyinin fərqinə varmadan sadəcə görüntüləri izləməklə keçinir.

Dünən FHN-in yüksək rütbəli zabitinin kabinetində yaşanan “işdə məhəbbət məcara”sı, bu gün Ədliyyə Nazirliyinin vəzifəli şəxsinin timsalında davam edir. Doğrudur, bu görüntülərin məqsədli şəkildə lentə alınması və yayılması da mümkündür. Hətta mümkündür ki, sözügedən videolar olduqca ciddi və vacib dövlət qurumlarını gözdən salmaq, imicinə ziyan vurmaq məqsədi ilə çəkilib. Amma fakt-faktlığında qalır. Bu, kabinetlə otel otağını səhv salan, öz vəzifə məsuliyyətini dərk etməyən, atdığı addımla işlədiyi dövlət qurumunun imicini yerlə bir edən “məhəbbət ovçuları”nın əməllərinə heç bir halda haqq qazandırmır. Necə deyərlər, “od olmayan yerdə tüstü çıxmaz”. Amma bu intim videoların barıtı o qədər çox olub ki, cəmiyyət növbəti tüstünün hansı bacadan çıxacağını səbirsizliklə gözləyir. Həqiqətən də göz açmağa imkan tapmamış müxtəlif dövlət qurumlarının yüksək rütbəli əməkdaşlarının intim videoları yayılır. Ona görə də, cəmiyyəti növbəti ünvanın hara olacağı həddindən artıq maraqlandırır. Odur ki, yaxın vaxtlarda hansısa nazirliyin və ya dövlət komitəsinin divarları arasından bu cür videolar sosial şəbəkələrə sıçrasa, heç kim təəccüblənməyəcək.

Bu məqamda məşhur Azərbaycan filmindən bir deyim yadıma düşür: “Dünyanı məhəbbət xilas edəcək”. Bəlkə də bu, belədir. Amma “məhəbbət toru”na düşən bu admaların saf məhəbbətlə heç bir əlaqəsinin olmadığı dəqiqdir. Yəqin ki, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri bu haqda çox ciddi ölçü götürəcəklər. Digər dövlət qurumlarının rəhbərləri və əməkdaşları isə gec olmadan papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşməli, intim istəklərini kabinetlərdə yaşamaqdan və ən əsası bu “unudulmaz anları” telefonun yaddaşına köçürməkdən çəkinməlidirlər. Əks halda nəinki Azərbaycanda, eləcə də bütün dünyada “məşhur” olacaqlar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*