Onlar bir ildə bir milyon manatdan çox maaş alıb – RƏQƏMLƏRbackend

Onlar bir ildə bir milyon manatdan çox maaş alıb - RƏQƏMLƏR

“Bank Respublika”nın rəhbərliyi 2025-ci ildə ümumilikdə 9 milyon 373 min manat gəlir əldə edib.

KONKRET.az valyuta.az-a istinadla xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə və ya 5,1 milyon manat çoxdur.

Belə ki, 2024-cü ildə bankın rəhbərliyinin gəlirləri 4 milyon 224 min manat təşkil edib.

2025-ci ildə rəhbərliyə edilən ödənişlərin 8 milyon 56 min manatı əməkhaqqı və bonuslar, 1 milyon 317 min manatı isə pensiya və digər ayırmalar olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 3 milyon 647 min manat və 577 min manat təşkil edib.

Qeyd edək ki, bu məbləğə Müşahidə Şurası və İdarə Heyəti üzvlərinə edilən nağd və nağdsız ödənişlər daxildir. Bankın Müşahidə Şurasında 7, İdarə Heyətində isə 3 nəfər təmsil olunur.

Hazırda “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov (səhmdar), üzvləri Yohannes Meynhardt, İrina Şmidt, Elçin Quliyev (səhmdar), Antoine Hurpin, Shavkat Akmalov və Steffan Karstendir. Bankın İdarə Heyətinin sədri Tariyel İsmayılov, sədr müavinləri isə Elnur Həsənov və Aslan Abasovdur.

Beynəlxalq və yerli təcrübəyə əsasən bankların İdarə Heyəti Müşahidə Şurasına nisbətən 2 dəfə daha çox, İdarə Heyəti sədri İH üzvlərindən 1,5 dəfə, MŞ sədri isə MŞ üzvlərindən 1,2 dəfə çox əməkhaqqı alır.

Təxmini hesablamaya görə, Bankın İdarə Heyətinin sədrinin 1 illik gəliri təxminən 1 milyon 980 min manat, İH üzvlərinin gəliri 1 milyon 320 min manat, Müşahidə Şurasının sədrinin gəliri 792 min manat, MŞ üzvlərinin gəliri isə 660 min manat təşkil edib.

Xatırladaq ki, bankın səhmlərinin 90,25%-i Quliyev qardaşlarına məxsusdur. Bunun 63,32%-i Natiq Quliyevə, 18,46%-i Elçin Quliyevə, 8,47%-i isə Namiq Quliyevə aiddir. Bankın səhmlərinin 5,45%-i Müşahidə Şurasının sədri Şakir Rəhimova, 4,22%-i “Sparkassen International Development Trust”a, qalan 0,08%-i isə digər səhmdarlara məxsusdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*