backend

"Onun donu və mənim cırıq ayaqqabım" - Görəsən, haradan qazanıblar bu sərvəti?

Ölkənin sayılıb seçilən diplomatlarından Yaşar Əliyevin qızı Səbinə Əliyeva ombutsman olanda baxdım ki, postuna görə abırlı adamdır. Bir də ona baxdım ki, adam illərdir Səyavuş Novruzovla ömür-gün yoldaşı olubsa, demək həyatın hər üzünü görüb, ədalətli, vicdanlı qadındır. Yəni bu yaxşı qızın, yaxşı xanımın prespektivinə niyəsə bir ümid var idi məndə.

O ümidm başlamamış bitdi. Orada bitdi ki, Ramiz Mehdiyevin nəvəsi Fidanın toyunda təkcə əlbisə və zinət əşyası, əlli min manata yaxın oldu bu xanımın.

Baxıram ki, kişili, arvadlı məmləkətdə hər kəs geyimin hansı brend olmasını, zinət əşyalarının dəyərini bilir. Bilir və Səbinə Əliyevaya lağ edir.

O brendləri bilirsənsə, demək tanıyırsan. Tanıyırsansa, deməli, maraqlanırsan. Maraqlanırsansa, deməli əlçatmaz arzuların sırasındadır o brend. Əlçatmaz arzudursa, deməli əli çatana nifrət edəcəksən. Çox sadə məntiqdir, eləmi? Bəli, amma və lakin bizdə ona görə keçmir ki, bizimkilər oğurlayıb, fərəldaq edib, dövlət talayıb brendləşiblər…

*

Yadıma bir olay düşdü. Öz olayım. Çalışdığım demək olar bütün KİV-lərdə aparıcı və ən yüksək maaşı alan əməkdaşlardan olmuşam. Bu qara qaşıma, qara gözümə vurğunluğundan deyildi müdirlərimin. Bu arı kimi çalışmamın nəticəsi idi.

Gündəlik yemək pulumu, kirayə haqqımı, atamın dərmanlarını və rayona, ailəmə göndərdiyim pulu qazanmalı idim. Hərdən özümü Ursiyət uşağı bilirdim. Ailəsini dolandırmaq üçün hərbi xidmətdən sonra Rusiyada qalan oğlanlar kimi, mən də ali məktəvi bitirib qız xeylağı olsam da, Bakıda qalmışdım. Bütün nəsilə müqavimət idi bu. Bakı mənim “Urisiyətim” idi.  Ailəsində mənim qədər ehtiyacı olmayan qızlarımız bizim zamanın bredndlərindən alış-verişə gedərdi hər qonorar alınanda. Mən avtovağzala qaçardım, evə pul yollamaq üçün. Qızlara da deyirdim ki, məndə hələ ətir, kosmetika var, istəmirəm.

İndi kosmetik vasitələrdən demək olar ki, qaçıram. Zamanında ala bilmirdim deyə, vərdişim deyil.

İndi daha çox ayaqqabımın rahat olmasına üstünlük verirəm. Zamanında pinqvin torbanı ayağıma keçirib, altı cırıq ayaqqabımı da üstünə keçirmişəm deyə, hələ də barmaqlarım üşüyür elə bilirəm.

Və hər zaman düşünmüşəm ki, nə olursa olsun insan haqq etmədiyi pulu əlinə almamalıdır. Bir gün mütləq burnundan gələcək. Məsələn, Səbinə xanımda, Səyavuş müəllimdə olduğu kimi.

İndi uca dövlətimdən çox umuram, sadəcə deklorasiya istəsin bu ağalardan, bəylərdən, nəfsi məmləkətin iliyini sovuran, bu şeytan ordusu əsgərlərindən. Görək haradan, hansı savad və ağılla qazanıblar bu sərvəti?

Axı bu bir yetimin haqqıdır!

Axı bu bir şikəstin ruzisidir!

Axı bunu eləmək ən böyük cinayətdir, günahdır!

Elə bir günah ki, bir gün haqqını yediyin, mənəvi terrorçuya çevirdiyin kəslər, sənin alt-üst hər nəyin var müzakirəyə çıxaracaq. Qadınını baş tacı edən Azərbaycan millətində, qadınlarınızı ayaq altı edəcək qədər qəddar bir cəmiyyət düzəltdiniz.

İndi siz elə bilməyin ki, YAP və daha yuxarılarda S.Novruzovdan daha yoxdur, Ədalət və vicdan üçün deyirəm. Səyavuş Novruzov və Səbinə Əliyeva onların ən xırdalarından, ən zəiflərindğn, bəlkə hələ ən əxlaqlı və vicdanlılarından idi.

Maraqlıdır,  daha kimi xərcləməkdir plan?

Əslində, bunu heç bilmirəm, maraqlanmaq da istəmirəm. Lap düzünə qalsa, daha bu məmləkətdə canıyanan jurnalist olmaq da təhqir kimi gəlir mənə.

*

Normal ölkə, cəmiyyət arzulayıram. Oğlum, qızım savadlı olsun istəyirəm, ələbaxan, kiminsə donuna qızılına, təhsilinə həsəd aparan yox. İstəyirəm hər kəsin bahalı donu, ürəyincə,  fərq etməz hansı metaldan, bəzək əşyası alacaq qədər pulu olsun. Amma olmur. Hər şeyi etməyin mümkün olduğu yerdə, məkanda, ölkədə, Səyavuş deputat olur, dövlət xadimi olur, onun digər partiyadaşları, nazirlər, rəhbərlər, oliqarxlar olur.  Adam baxır ki, bir qadının həyatını, karyerasını bir qanmaz ər, bir qəddar ictimai rəy və yırtıcı cəmiyyət nə günə qoydu.

Jalə Mütəllimova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*