“Ermənistan Müdafiə Nazirliyinin 24 milyon dram müqabilində vaxtından əvvəl tərxis olunma ilə bağlı təqdim etdiyi qanun layihəsi anti-ordu islahatıdır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Janna Aleksanyan deyib.
Hüquq müdafiəçisi qeyd edib ki, islahat nə Ermənistan ordusunun xüsusiyyətlərini, nə müharibədən sonrakı vəziyyəti, nə də mövcud problemləri nəzərə almayan səthi yanaşmadır. Qanun layihəsinin müəllifləri yuxarıda göstərilən problem və məsələləri nəzərdən qaçıraraq yalnız iki aspektə – müqavilə ilə işləyən işçilərin maaşlarının ödənilməsi imkanlarına və korrupsiyaya qarşı mübarizəyə diqqət yetiriblər:
“İndi ordunun müharibədən sonrakı problemləri kontekstində “orduda imtiyazlı təbəqə”nin yaradılması yolverilməzdir və qəbuledilməzdir”.
Aleksanyan hakimiyyəti orduda törədilən özbaşınalıqlarla bağlı cinayət işləri ilə tanış olmağa çağırıb:
“Orduda imkansız hərbçilər sıxışdırılır, törətmədikləri cinayətlərdə ittiham olunurlar. Belə şəraitdə imkanlı təbəqə üçün əlavə imtiyazların yaradılması yolverilməzdir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
