Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az-a verilən mıəlumata görə, görüşdə ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli münasibətlərin təməlində ortaq tarixi köklərin, dil, din, mədəniyyət, adət-ənənə və dəyərlərin dayandığı vurğulanıb.
Prezident Şavkat Mirziyoyev qeyd edib ki, münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib. Son illərdə isə Azərbaycan və Özbəkistan arasında ikitərəfli əməkdaşlığın inkişafında daha geniş uğurlar əldə olunub. O, bildirib ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasında dövlət başçılarımız arasında münasibətlərin mühüm rolu vardır.
