Özbəkistanın Dövlət Təhlükəsizlik Xidməti müqəddəs Quran kitabının bənzərsiz nüsxəsinin ölkədən çıxarılmasının qarşısını alıb. KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürou xəbər verir ki, Fərqanə bölgəsində keçirilmiş əməliyyat tədbiri zamanı Quranın nadir nüsxəsinin Qırğızıstan vətəndaşına 150 min dollara satılmasının qarşısı alınıb.
“Buxara sakini, 49 yaşlı Fərrux Şarapov Quranı Fərqanə bölgəsinə gətirərək, Kokandda yaşayan bir dostu ilə görüşərək ondan qiymətli bir kitabın satışına kömək etməsini istəyib. Nəticədə qonşu Qırğızıstandan bir alıcı tapılıb. Çimen kəndindəki çayxanada görüşdə razılaşmaya görə, 150 min dollar aldıqdan sonra Fərrux Şarapovun kitabı Qırğızıstana təhvil verməli idi.
Mədəniyyət Nazirliyinin müayinəsinə əsasən ələ keçirilən Quran mətni XVI əsrdə yazılmış və xəttat Molla Yusuf Sahhof tərəfindən kitab şəklinə gətirilib. Sonralar, XIX əsrin sonu – XX əsrin əvvəllərində Quran bərpa edilib.
Mütəxəssislərin fikrincə, demək olar ki, beş əsrlik tarixi olan Səmərqənd xəttatlıq məktəbinin üslubunda yazılmış, zərli səhifələrə malik bənzərsiz əlyazma kitabının təxmini dəyəri 1,8 milyard som təşkil edir.
Hazırda bu faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Tarixi, elmi, bədii, eləcə də muzey dəyərini nəzərə alaraq bu bənzərsiz əsər respublika ərazisindən ixracına qadağa qoyulan kitablardan biridir. Qeyd edək ki, Quran Özbəkistan Tarixi Dövlət Muzeyinə veriləcək.