Parlament müxalifəti proporsional seçki sisteminin bərpasını İSTƏYİRbackend

Parlament müxalifəti proporsional seçki sisteminin bərpasını İSTƏYİR

Sentyabrın 11-də siyasi partiyaların iştirakı ilə Bakıda keçirilən “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” adlı dəyirmi masada maraqlı fikirlər ortaya atıldı.

Ən diqqət çəkən təkliflərdən biri isə Azərbaycanda proporsional seçki sisteminin tətbiq olunması ilə bağlı idi. Maraqla qarşılanan bu təklifə tədbir iştirakçılarının əksəriyyəti müsbət yanaşmasını ortaya qoydu.

Konkret.az bildirir ki, bu barədə Modern.az-a danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, onun özü proporsional və majoritar seçki sisteminin qarışığının bərpasının tərəfdarıdır:

“Proporsional seçki sistemi Azərbaycanda siyasi partiyaların yerini və rolunu gücləndirə, onların siyasi proseslərdə fəal iştirakını təmin edə, siyasi sistemin daha da güclü və rəngarəng olmasında mühüm rol oynaya bilər.

Majoritar seçki sistemi isə fəal şəxslərin siyasi proseslərdə birbaşa iştirak etməsində mühüm bir imkandır. Bu baxımdan majoritar sistem də üstün cəhətlərə malikdir.

Hər iki sistemin Azərbaycan parlament seçkilərində tətbiq olunmasının tərəfdarıyıq”.

“Vəhdət” Partiyasının sədri, deputat Tahir Kərimli isə vaxtilə Azərbaycanda qarışıq sistemin tətbiq olunduğunu xatırladıb:

“Bir sıra dövlətlərdə də proporsional seçki sisteminin tətbiqi təklif edilir. Amma bəzi ölkələrdə ümumiyyətlə, bu sistemin adını belə bilmirlər.

Azərbaycan çoxpartiyalı dövlət quruluşuna malik olduğundan partiyaların inkişafı zəruridir. Bunun üçün dövlət də müəyyən qədər vəsait ayırır. Amma ən optimal variant proporsional seçki sisteminin tətbiqi olardı.

Çünki bu zaman partiyalar siyasi proseslərdə aktiv iştirak edirlər, cəmiyyətdə daha da tanınırlar.

Düşünürəm ki, parlamentdəki deputat sayını ən azı 175-ə çatdırmaqla proporsional seçki sistemini tədbiq etmək mümkündür.

Bunun üçün referendum keçirmək lazımdır. Bu yolla əvvəllər tətbiq edilən sistemi bərpa etmək olar”.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə isə düşünür ki, hazırda hansı seçki sisteminin daha demokratik olduğu müəyyənləşməyib:

“Hər bir ölkənin öz ənənələri var. Bununla yanaşı, qarışıq sistemlər də mövcuddur. Məsələn, böyük Britaniyada, Amerikada keçirilən seçkilərdə güclü partiyaların üstünlüyü daha çoxdur.

Bu səpkidə seçki sistemlərinin tez-tez dəyişdirilməsi də hansısa prinsipial irəliləyişə gətirib çıxarmaz. Azərbaycan kimi gənc ölkələrdə Konstitusiyanı, seçki sistemini, qanunvericiliyi tez-tez dəyişdirməklə müsbət nəticə əldə olunmur.

Ciddi irəliləyişi əldə etmək üçün ölkədə təhsilin səviyyəsini gücləndirmək, ümumi mühiti yaxşılaşdırmaq, maarifləndirməni artırmaq yaxşı effekt verərdi”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bu məsələnin uzun müddətdir gündəmdə olduğunu söyləyib:

“Dəfərlərlə bizim tərəfimizdən də eyni təkliflər səsləndirilib.

Biz daha çox qarışıq sistemin Azərbaycan cəmiyyəti üçün daha uyğun olacağı düşüncəsindəyik.

Azərbaycan kimi ölkədə həm vətəndaşların konkret şəxslərə səsvermə yolu ilə öz hüquqlarını gerçəkləşdirməsinə şərait yaratmaq, həm də siyasi mədəniyyətin inkişafı üçün partiya demokratiyasını irəli aparmaq lazımdır.

Ona görə, proporsional seçki sistemi tətbiq olunarsa, partiyaların inkişafına böyük stimul yaranar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*