“Qarabağda Nikol Paşinyanla Vladimir Putinin telefon danışığının nəticələrini gözləyirlər”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni nəşri “Hraparak” yazıb.
“Azərbaycan bazar günü yola keçid məntəqəsi yerləşdirməklə kartlarını açdı. “Arsax” “hakimiyyət”inin nəyin bahasına olursa-olsun qarşı çıxdığı bu idi.
Onlar kompromis olaraq yükün içindəkiləri uzaqdan izləməyə imkan verən heç olmasa rentgen skaner cihazlarının yerləşdirilməsini, lakin girişdə Azərbaycan əsgərinin yerləşdirilməməsini təklif etdilər.
Azərbaycan tələbini onunla əsaslandırdı ki, Ermənistandan Qarabağa silah daşınır və buna görə də müşahidə qurmaq istəyir.
Bir neçə ay əvvəl üçtərəfli danışıqlarda rentgen cihazlarının quraşdırılmasına güzəştə getmişdik ki, maşınlar üç tondan artıq yük daşısın.
Ancaq göründüyü kimi, bu, Azərbaycanı qane etməyib. Artıq keçid məntəqəsinin quraşdırılması təkcə yük maşınlarının yoxlanılmasını deyil, həm də pasport rejiminin təsdiqini nəzərdə tutur. Orada nəzarəti azərbaycanlılar özləri həyata keçirəcəklər. Bu, o deməkdir ki, Qarabağın əhalisinin azalması günlər olmasa da, bir neçə ay məsələsi olacaq”, – deyə nəşr bildirib.
Qəzet yazır ki, Arayik Arutyunyan həddindən artıq narahatdır, o, Qarabağda yerləşən sülhməramlı qoşunların rəhbərliyi ilə danışıb.
Ona deyiblər ki, bununla bağlı öz rəislərinə məlumat veriblər və cavab gözləyirlər.
Arutyunyan deyib ki, Paşinyanla Putin arasında telefon danışığı gözlənilir. Paşinyan ona Moskvanın rəsmi mövqeyini çatdıracaq.
“Dünən iş gününün sonuna qədər Putinlə telefon danışığı baş tutmayıb. Bazar günü yerli ermənilər Arayik Arutyunyanın “iqamətgah”ına hücum etmək istəyiblər. Lakin onlara Ermənistan hakimiyyətinin hələ də heç nə edə bilmədiyini və Putindən cavab gözlədiklərini bildiriblər.
Qarabağlılar hesab edir ki, Paşinyan artıq Əliyevlə razılığa gəlib. İndi Qarabağda ikinci mərhələ başlayıb”, – deyə qəzet qeyd edib.
Xuraman Etibarlı,
KONKRET.az
