Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Artur Hovhannisyanın “Ermənistan Respublikasının suveren ərazisinə hücum” ifadəsi ilə çıxış etməsi Bakının etiraz etdiyi ritorikanı yenidən gündəmə gətirib.
KONKRET.az xəbər verir ki, deputat Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurmasını əsaslandırarkən Azərbaycanın 2021-ci ildən etibarən Ermənistan ərazisinə hücum etdiyini nəzərdə tutan ifadələr işlədib.
Halbuki Bakı bu yanaşmanı qəbul etmir və Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi toqquşmaların kontekstinin təhrif edilməsinə qarşı çıxır.
Azərbaycanın mövqeyinə görə, Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal altında saxlaması ilə bağlı tarixi və hüquqi reallıq gözardı edilə bilməz. 2020-ci il Vətən müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərinin böyük hissəsinə nəzarəti bərpa edib, 2023-cü ilin sentyabrında isə Qarabağda separatçı rejimin mövcudluğuna son qoyulub. Beynəlxalq səviyyədə də Qarabağ Azərbaycanın ərazisi kimi tanınıb.
Eyni zamanda, iki ölkə arasında sərhədin müəyyənləşdirilməsi prosesi hələ başa çatmayıb. 2024-cü ildə Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması ilə delimitasiya prosesinin ilk mərhələlərindən biri həyata keçirilib və həmin ərazidə sərhəd xəttinin bir hissəsi müəyyənləşdirilib.
2026-cı ildə də Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları sərhədin müəyyənləşdirilməsi ilə bağlı danışıqları davam etdirirlər. Aprelin 29-da iki ölkənin komissiyalarının 13-cü görüşü keçirilib və tərəflər sərhədin delimitasiyası üzrə işi davam etdirirlər.
Bu baxımdan, Ermənistan rəsmilərinin hərbi toqquşmaların səbəblərini birtərəfli şəkildə təqdim edən açıqlamaları onsuz da həssas olan sülh prosesinə müsbət təsir göstərmir. Xüsusilə də Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün əsas prinsiplərdən biri dövlətlərin bir-birinin ərazi bütövlüyünü tanımasıdır.
Digər mühüm məsələ Ermənistanın Konstitusiyası ilə bağlı mübahisədir. Azərbaycan tərəfi Ermənistanın müstəqillik haqqında bəyannaməsinə istinad edən konstitusion müddəaların Azərbaycana qarşı ərazi iddiaları ehtiva etdiyini bildirir. Ermənistan hakimiyyəti isə bu iddianı rədd edir və Konstitusiyada Azərbaycana qarşı birbaşa ərazi tələbinin olmadığını vurğulayır.
Məhz bu fikir ayrılığı sülh sazişinin yekunlaşdırılması məsələsində əsas mübahisə mövzularından biri olaraq qalır. Azərbaycan uzunmüddətli və dayanıqlı sülh üçün qarşılıqlı ərazi bütövlüyünün tanınmasını yalnız siyasi bəyanatlarla deyil, həm də hüquqi müstəvidə təmin edən addımların atılmasını istəyir.
Ona görə də Ermənistan hakimiyyətinin nümayəndələrinin keçmiş münaqişənin səbəblərini birtərəfli şəkildə təqdim etməsi, Azərbaycanı “təcavüzkar” obrazında göstərməyə çalışması və ölkənin ərazi bütövlüyü məsələsinə münasibətdə ikili standart nümayiş etdirməsi sülh danışıqlarının ruhuna uyğun gəlmir.
Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün əsas məsələ keçmişin qarşılıqlı ittihamlarla yenidən gündəmə gətirilməsi deyil, iki dövlətin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıması, sərhədlərin tam delimitasiya və demarkasiyasının başa çatdırılması və qarşılıqlı olaraq ərazi iddialarından imtina etməsidir.
Bu baxımdan, deputat Artur Hovhannisyanın son açıqlaması da Ermənistanın siyasi dairələrində hələ də köhnə münaqişə ritorikasının tam aradan qalxmadığını göstərir. Halbuki bölgədə davamlı sülhün təmin olunması üçün tərəflər hərbi-siyasi qarşıdurma dilindən uzaqlaşmalı və əldə edilmiş razılaşmaların icrasına diqqət yönəltməlidirlər.
Ağagül Mürsəlov,
KONKRET.az
