“İşləyən pensiyaçıların sayının artmasının əsas səbəblərindən biri pensiyanın gündəlik xərcləri tam qarşılamağa kifayət etməməsidir. Xüsusilə ərzaq, kommunal xidmətlər, dərman, kirayə və digər xərclərin artdığı bir şəraitdə yalnız pensiya ilə dolanmaq bəzi yaşlı insanlar üçün çətinləşir. Buna görə pensiya yaşına çatdıqdan sonra işləməyə davam etmək yalnız məcburiyyət deyil, həm də əlavə gəlir əldə etmək imkanı kimi qiymətləndirilir”.
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

O bildirib ki, məsələni yalnız pensiyaların məbləğinin azlığı ilə izah etmək düzgün deyil:
“Bəzi pensiyaçılar sağlamlıq imkanları və peşə təcrübələri hesabına işləməyə davam etmək istəyirlər. Xüsusilə müəllimlik, həkimlik, mühəndislik, mühasibatlıq, məsləhətçilik və təcrübənin mühüm rol oynadığı digər sahələrdə yaşlı mütəxəssislərə tələbat qalır. Bəzi insanlar üçün işləmək həm də sosial aktivliyin və cəmiyyətdə iştirakın davam etdirilməsi deməkdir.
Pensiyanın məbləğinin insanın əvvəlki gəlirinə, ailə vəziyyətinə və yaşayış xərclərinə təsiri fərqli olur. Ailəsində başqa gəlir mənbəyi olmayan və yalnız pensiya ilə yaşayan insanlar üçün pensiyanın alıcılıq qabiliyyəti xüsusilə vacibdir. Pensiya gündəlik ehtiyacları tam qarşılamadıqda əlavə əmək gəlirinə ehtiyac yaranır. Buna görə də əsas məsələ pensiyaların yalnız nominal məbləğinin artırılması deyil, onun real alıcılıq qabiliyyətinin qorunmasıdır”.
A.Nəsirli vurğulayıb ki, yaşlı insanların əmək bazarında qalmasının gənclərin iş imkanlarını məhdudlaşdırıb-məhdudlaşdırmaması daha mürəkkəb məsələdir:
“Əgər pensiyaçı ilə gənc eyni vəzifə uğrunda rəqabət aparırsa, müəyyən hallarda belə təsir yarana bilər. Lakin əmək bazarındakı iş yerlərinin sayının məhdud olması fikrini bütün iqtisadiyyat üçün keçərli hesab etmək olmaz. Təcrübəli insanların əmək bazarında qalması iqtisadi fəallığı, istehsalı və xidmətlərin keyfiyyətini də artıra bilər.
Əsas problem nəsillərarası rəqabətdən daha çox əmək bazarında yeni iş yerlərinin kifayət qədər yaradılmamasıdır. Gənclər üçün yeni və məhsuldar iş yerləri yaradılarsa, yaşlı insanların əmək bazarında qalması avtomatik olaraq gənclərin işsiz qalmasına səbəb olmayacaq. Əksinə, təcrübəli mütəxəssislərin bilik və bacarıqlarını gənclərə ötürməsi əmək bazarı üçün əlavə üstünlük yarada bilər”.
Onun sözlərinə görə, işləyən pensiyaçıların sayının artması həm sosial, həm də iqtisadi baxımdan mühüm siqnaldır:
“Bir tərəfdən bu, insanların əmək qabiliyyətinin və təcrübəsinin iqtisadiyyatda qalması deməkdir. Digər tərəfdən isə pensiya gəlirlərinin bəzi insanlar üçün kifayət qədər təminat yaratmadığını göstərə bilər. Uzunmüddətli həll pensiyaçıları işləməyə məcbur etmək və ya onları əmək bazarından çıxarmaq deyil. Əsas məqsəd pensiyaların real alıcılıq qabiliyyətini artırmaqla yanaşı, gənclər üçün daha çox və daha məhsuldar iş yerlərinin yaradılmasına nail olmaqdır”.
Aynurə İsmayıl
KONKRET.az
