İran Prezidenti Məsud Pezeşkian ölkənin danışıqlar qrupuna qarşı yönələn tənqidləri sərt şəkildə qınayıb. O, bildirib ki, ABŞ ilə imzalanmış qarşılıqlı anlaşma memorandumu Ali lider Müctəba Xamenei ilə tam koordinasiya şəraitində və Milli Təhlükəsizlik üzrə Ali Şuranın dəstəyi ilə əldə olunub.
KONKRET.az xəbər verir ki, Məsud Pezeşkian X sosial şəbəkəsindəki paylaşımında bəzi qrupların xarici media qurumlarının apardığı psixoloji təsirin təsiri altına düşərək bu nailiyyəti kölgələməyə çalışdıqlarını bildirib.
Prezident həmçinin qeyd edib ki, İran və ABŞ arasında qarşılıqlı anlaşma ikitərəfli prosesdir.
“Əgər Amerika tərəfi qarşılıqlı anlaşma memorandumuna əməl edərsə, biz də öhdəliklərimizi yerinə yetirəcəyik. Düşünülməmiş ritorika və boş təhdidlər qarşısında yanaşmamız qərarların qəbulunda rasional düşüncəyə və insan ləyaqətinə söykənmək, eyni zamanda praktikada qətiyyətli və güzəştsiz müdafiə mövqeyi nümayiş etdirməkdir”.
Müşviq Tofiqoğlu
KONKRET.az
