Prezident 30 yaşlı magistrantı nazir müavini təyin etdi – SƏRƏNCAMbackend

Prezident 30 yaşlı magistrantı nazir müavini təyin etdi - SƏRƏNCAM

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Özbəkistan Milli Universitetinin magistrantı Yusuf Absoatovun ali və orta ixtisas təhsili nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Prezidentin belə bir kadr qərarı alimlər və gənc tədqiqatçılarla görüşdə qəbul edilib. Tədbir zamanı Absoatov informasiya texnologiyaları ilə bağlı fikirlərini bölüşüb, onlayn dərsliklərin yaradılmasını və kənd yerlərində İnternetin daha əlçatan olmasını təklif edib.

Görüşdə Mirziyoyev eyni zamanda dəqiq və təbiət elmlərinin tədrisinin vacibliyini vurğulayıb və bildirib ki, müəllimlərə əlavə müavinətlər veriləcək. Bundan əlavə, ölkə başçısı tərəfindən dövlət büdcəsi hesabına hər il yüz alimin xaricdə təcrübə keçməsi üçün əmr də verilib.

Mirziyoyev əvvəllər gəncləri böyük vəzifələrə təyin edib. 2017-ci ildə onun təklifi ilə Sinqapur Universitetinin 23 yaşlı məzunu Əlişir Sadullayev təhsil nazirinin müavini vəzifəsini tutub. Sonra Turin Politexnik Universitetinin Daşkənd filialının 25 yaşlı aspirantı Olimjon Tuyçiyev Elm və Texnologiya Agentliyinin baş direktorunun müavini təyin edilib.

2018-ci ildə prezident Daşkənddəki Beynəlxalq Vestminster Universitetinin 23 yaşlı tələbəsi Səidəkbərxan Əkbərovu Dövlət Turizm Komitəsi sədrinin müavini təyin edib. Sadullayev və Əkbərov sonradan vəzifələrini tərk ediblər (birincisi Özbəkistan Gənclər Birliyinə rəhbərlik edib və prezidentin sərəncamı ilə senator vəzifəsini tutub). Tuyçiyev isə keçən il İnnovasiya İnkişafı nazirinin müavini vəzifəsinə keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*