Prezident: “Ermənistan tərəfi gəlsin, müzakirə edək, bir il, beş il, otuz il çəkər, kim bilir”backend

Prezident: “Ermənistan tərəfi gəlsin, müzakirə edək, bir il, beş il, otuz il çəkər, kim bilir”

“Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi: “Biz dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etdik ki, yenə də missiya göndərin. Çünki orada qanunsuz məskunlaşma gedir, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilir, məskunlaşdırılır. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır. Etmədilər onu. Ona görə bu işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kordur, ya nankordur, ya da, sadəcə olaraq, riyakardır. Bu, daha düzgün ifadə ola bilər”.

Prezident qeyd edib ki, biz öz dədə-baba torpağımıza qayıtmışıq: “Biz 30 il orada olmamışıq. Əgər Ermənistan tərəfi deyirsə ki, sərhəd oradan keçir, nə üçün orada heç kim yox idi? Sərhəddirsə, gəl sərhədi qoru. Biz gəldik, o dağlara yerləşdik. Bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun, bizimlə bərabər bunu müzakirə edək, bir il çəkər, beş il çəkər, otuz il çəkər, kim bilir. Yenə də qayıdıram bu söhbətə. Sərhədlər məsələsində bu gün Ermənistan reallığı dərk etməlidir. O, tezliklə bizim şərtlərimizə əməl edib, onları qəbul edib, bu məsələni həll etməlidir ki, artıq hər kəs bilsin, onun sərhədi harada yerləşir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*