Prezident “Özbəkistan Hava Yolları”nı rəqabət qabiliyyətsizliyində ittiham etdibackend

Prezident "Özbəkistan Hava Yolları"nı rəqabət qabiliyyətsizliyində ittiham etdi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev nəqliyyat sənayesini rəqabət qabiliyyətsizliyinə görə tənqid edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, nəqliyyat sisteminin inkişafı ilə bağlı keçirilən iclasda Prezident bu sahəni sərt tənqid edib.

Mirziyoyev Nəqliyyat Nazirliyindən tranzit siyasətinə yenidən baxılmasını tələb edib: “Hazırda tranzit yük axını cəlb etmək və yerli malların xarici bazarda rəqabət qabiliyyətini artırmaq üçün mövcud imkanlardan zəif istifadə olunur”.

Prezident “Özbəkistan Hava Yolları” və Özbəkistan Hava Limanları şirkətlərində islahatların getmədiyini bildirib. Mirziyoyev mülki aviasiya sahəsində rəqabət mühiti yaratmağı tapşırıb. O, həmçinin Navoi və Termez hava limanlarında açıq səma rejimini tətbiq etmək vəzifəsini qoyub.

Prezident avtomobil və ictimai nəqliyyat sahəsində açıq tenderlərin keçirilməsini, ictimai sərnişin daşımalarının tarif və prosedurlarına yenidən baxılmasını, əhaliyə rahat və keyfiyyətli avtomobil nəqliyyatı xidmətləri göstərmək üçün sahəni rəqəmsallaşdırmağı tələb edib.

Yolların vəziyyətinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilib, beynəlxalq ekspertlərin cəlb edilməsi ilə yol inkişafı strategiyasının hazırlanmasını sürətləndirmək həvalə edilib.

Beynəlxalq ekspertlərin fikrincə, Özbəkistanın tranzit potensialı indiki 7 milyon tondan 16 milyon tona, regional layihələrin həyata keçirilməsi hesabına 2030-cu ilə qədər isə 23 milyon tona qədər artırıla bilər. Dünya Bankının logistika reytinqində Özbəkistan 163 ölkə arasında 99-cu, beynəlxalq nəqliyyatın rahatlığı baxımından 120-ci yerdədir.

Özbəkistanda hava nəqliyyatı sahəsində rəqabəti təmin etmək üçün daxili uçuşları həyata keçirəcək yeni “Humo Air” şirkəti yaradılacaq. “Özbəkistan Hava Yolları” da ucuz uçuşlara başlayacağına söz verib.

Qeyd edək ki, “Özbəkistan Hava Yolları” inhisar mövqeyinə görə tez-tez tənqid olunurdu. Ona görə də 2019-cu ilin sonunda şirkət iki hissəyə bölünüb. Belə ki, Özbəkistanda hava limanlarına xidmət ayrıca səhmdar cəmiyyətinə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*