Prokurorluq Mehman Xəlilovla bağlı xəbərdarlıq edibbackend

Prokurorluq Mehman Xəlilovla bağlı xəbərdarlıq edib

Baş Prokurorluq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə mediada yayılmış məlumatlarla bağlı media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.

Baş Prokurorluğun KONKRET.az-a verdiyi məlumata görə, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq Mehman Xəlilovun təqsirləndirildiyi cinayət işi üzrə istintaq və məhkəmə baxışının, o cümlədən cinayət prosesi tərəflərinin (təqsirləndirilən və zərərçəkmiş şəxs) şəxsi və ya ailə sirlərini açıqlayan məlumatlar yayılıb.

Belə ki, Mehman Xəlilov qeyd olunan cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hazırda işə müdafiə tərəfinin hökmdən verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edilib ki, məlumatın yayılmaması barədə xəbərdarlıq edilmiş şahid, zərər çəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh, onların nümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, hal şahidləri, müdafiəçilər və digər şəxslər müvafiq razılıq olmadan bu tələbi pozduqda məsuliyyət daşıyır.

“Bununla yanaşı, media subyektləri və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma ilə bağlı, eləcə də, ailə və şəxsi həyata dair sirr olan məlumatların, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə informasiyaların yayılmasına yol verilməməlidir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən il aprelin 29-da 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Bu ilin mart ayında isə məşq zamanı 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idmançı Mehman Xəlilov 19 il müddətinə azadlıqdan məhrum edilib. (Report)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*