“Putin bunu vacib fiqur olduğunu göstərmək üçün edir, amma…” – Alman nəşribackend

"Putin bunu vacib fiqur olduğunu göstərmək üçün edir, amma..." - Alman nəşri

“Rusiyanın NATO sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlər düşmən sıralarında qeyri-müəyyənlik və parçalanma yaratmaq məqsədilə Qərbdə sabitliyi pozmaq üçün hibrid müharibənin bir hissəsidir. Çox güman ki, bu, diqqəti Moskvanın Arktikadakı fəaliyyətindən yayındırmaq üçün bir manevrdir. Amma yenə də Kremlin rəhbəri Vladimir Putinin “təxribatlarının” əsas məqsədi odur ki, “zəmanəmizin qlobal problemlərini birgə həll etmək yolunda nüfuzlu Rusiya prezidenti” kimi qəbul olunsun”.

KONKRET.az bildirir ki, Şimali Atlantika Alyansının keçmiş strateqi Stefani Babst bu fikirləri Almaniyanın “Die Welt” nəşrinə açıqlamasında bildirib.

“Die Welt” yazır ki, Rusiya qoşunlarını Ukrayna sərhədləri yaxınlığında yerləşdirməklə Krımın ilhaqı ilə bağlı xatirələri oyadır. Kiyevdə yeni işğal qorxusu artır. Baş verənlər ABŞ, Avropa və NATO-nun da narahatlığına səbəb olur.

Ekspertlərdə suallar yaranır: Kreml rəhbəri Vladimir Putin nə edəcək? O, Ukraynanın digər hissələrini də Moskvanın nəzarəti altına götürmək istəmirmi?

Alman qəzeti yazır ki, Qərb kəşfiyyat agentliklərinin xəbərdarlıqları qorxulu səslənir. Onlar bildirirlər ki, yaxın aylarda Ukraynanın Rusiya tərəfindən destabilizasiya riski çox yüksəkdir. Hələ keçən həftə Vaşinqton və onun Şimali Atlantika Alyansındakı tərəfdaşları işğal riskinin olduğunu açıqlamışdı. ABŞ-ın dövlət katibi Entoni Blinken “Kreml 2014-cü ilin “səhvini təkrarlaya bilər” xəbərdarlığını etmişdi.

Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Moskva ölkə sərhədləri yaxınlığında 90 min əsgər cəmləyib. 2021-ci ildə bu, miqyasına görə ikinci təimlərdir. Yazda kontingentin sayı 100 min əsgər idi. Bu manevrlərin miqyası və tezliyi şübhə doğurur. Ekspertlər qeyd edirlər ki, bunlar adi tədbirlər deyil, lakin görünür, hələ ki, Kreml bundan sonrakı hərəkətləri ilə bağlı yekun siyasi qərarını verməyib.

“Die Welt” yazır ki, Ukrayna sərhədləri yaxınlığında baş verənlərin başqa yerlərdəki hadisələrlə üst-üstə düşməsi də təəccüb doğurur. Bu günlərdə Rusiya desantları belaruslu həmkarları ilə birgə təlimlər keçirib. Keçən həftə nüvə silahı daşıya bilən Tu-22M3 bombardmançı təyyarələri Belarus səmasında göründü ki, bu da miqrasiya böhranı fonunda Moskvanın Qərbə xəbərdarlığı kimi qiymətləndirilə bilər. Bundan əlavə, Kremlin peyk əleyhinə silah sınaqları Beynəlxalq Kosmik Stansiyanın yerləşdiyi orbiti zibilləyir.

NATO-da hesab edirlər ki, bütün bu hadisələr bir-biri ilə bağlıdır və onlar Kremlin rəhbəri Vladimir Putinin hərbi vasitələrlə yanaşı, iqtisadi təzyiq, dezinformasiya, təhrik və kiberhücumlardan da istifadə edərək Qərbə qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir. Beləliklə, o, təxribat törədir, sabitliyi pozur, həmçinin düşmən sıralarında qeyri-müəyyənlik və parçalanma yaradır. Və Rusiya prezidenti bu məqsədlərindən birinə artıq nail olub: Ukrayna sərhədləri yaxınlığındakı manevrlərə görə artıq Avropada Moskva ilə necə davranmaq barədə mübahisələr gedir.

NATO-nun keçmiş strateqi Stefani Babstın fikrincə, bütün bunlar bir növ özünəməxsus şəkildə diqqəti yayındırmağa yönəlmiş manevrdir. Məsələn, Rusiyanın Arktikadakı fəaliyyətini heç kim yada salmasın. “Yaxın aylarda biz regiondakı vəziyyəti diqqətlə izləməliyik”, – deyə ekspert məsləhət görür. O, həmçinin bildirib ki, reallıqda Rusiyanın Ukraynaya hücumu ehtimalı çox azdır: “Belə olan halda NATO Ukraynanın tərəfini tutacaq və Putin bunu bilir. Bəs niyə buna getməlidir? Maliyyə xərcləri böyük olacaq, bu, Putinə birbaşa strateji üstünlüklər qazandırmayacaq və bu vəziyyətdə Çin Moskvaya siyasi dəstək verməyəcək. Üstəlik, 2014-cü ildə Krımın ilhaqına qədərki vəziyyət indiki ilə müqayisə olunmazdır”.

Babst əmindir ki, Putin “zəmanəmizin qlobal problemlərini birgə həll etmək yolunda nüfuzlu Rusiya prezidenti” kimi qəbul olunmaq üçün qonşu ölkədə sabitliyi pozmağa cəhdlər edir: “ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın prezidentləri və hökumət başçıları ilə bərabər şəraitdə möhtəşəm görüşlər onun ən mühüm məqsədlərindən biridir”, – deyə keçmiş NATO strateqi fikrini yekunlaşdırıb./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*