Rusiya Prezidenti Vladimir Putin ötən il dekabr ayında baş verən və insan tələfatı ilə nəticələnən təyyarə qəzası ilə bağlı oktyabrın 9-da Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə həlak olanların ailələrinə və yaralanan şəxslərə kompensasiya ödəniləcəyini vəd etsə də, bu istiqamətdə indiyədək hər hansı addım atılmayıb. Bəs, bu kompensasiyanın ödənilməsi beynəlxalq hüquq və Rusiya qanunvericiliyi çərçivəsində necə tənzimlənə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, Rusiya tərəfinin bu vədi yerinə yetirməməsi təəccüblü deyil:
“Həmin dövrdə o, cənab Prezidentimizə üzrxahlıq etdi və kompensasiyanın ödəniləcəyi ilə bağlı müəyyən vədlər verdi. Lakin bu vədlər də yerinə yetirilmədi. Açığı, bu, əvvəlcədən gözlənilən idi”.
Vəkil qeyd edib ki, beynəlxalq hüquq təcrübəsinə əsasən, Azərbaycan dövləti bu məsələdə hüquqi mexanizmlərdən istifadə edə bilər:
“Beynəlxalq təcrübə göstərir ki, bu cür hallarda dövlətlər məsələni beynəlxalq məhkəmələrə çıxarmaq hüququna malikdir. Hesab edirəm ki, Azərbaycan dövləti bu məsələdə də öz iradəsini ortaya qoyacaq və beynəlxalq məhkəmə instansiyaları vasitəsilə kompensasiyanın Rusiya tərəfindən ödənilməsinə nail olacaq”.
Mehman Muradlının sözlərinə görə, sözügedən kompensasiya məbləği nəticə etibarilə təyyarə qəzasında həlak olan Azərbaycan vətəndaşlarının ailələrinə çatdırılmalıdır.
Qeyd edək ki, beynəlxalq mülki aviasiya hüququ və dövlətlərin məsuliyyəti ilə bağlı konvensiyalar belə hallarda zərərçəkən tərəfin hüquqlarının qorunmasını nəzərdə tutur.
Müşviq Tofiqoğlu
KONKRET.az

