“Putin faktiki olaraq Ukraynaya müharibə elan edib” – Elxan Mehdiyevlə MÜSAHİBƏbackend

“Putin faktiki olaraq Ukraynaya müharibə elan edib" - Elxan Mehdiyevlə MÜSAHİBƏ

Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasında Donets və Luqans Xalq Respublikalarının müstəqilliyini tanıması dünyanın gündəmini zəbt edib. ABŞ və Qərb Rusiyanı sanksiyalar tətbiq edəcəyi ilə hədələyir, digər tərəfdən isə Kreml rəhbəri müstəqilliyini rəsmən tanıdığı ərazilərə qoşun yeridəcəyini bəyan edir.

Mövzu ilə bağlı politoloq Elxan Mehdiyev  KONKRET.az-a müsahibə verib.

Putinin separatçı respublikaları tanıması gözlənilən idi?

– Putinin bu addımı atacağı ilə bağlı Qərb dövlətləri, xüsusən də ABŞ tərəfindən dəfələrlə bəyanat səsləndirilib. Çünki danışıqları Putinlə aparan ABŞ prezidenti Co Bayden idi və yəqinli onun bu haqda məlumatları olub. Digər tərəfdən ABŞ-ın kosmosdakı peykləri Rusiyanın hər addımını izləyir və ən kiçik elementi də qeydə alır. Bu baxımdan Rusiyanın Ukraynaya hücum ehtimalı ən yüksək səviyyədə dəyərləndirilir: “Putinin Donetsk və Luqansk Xalq Respublikalarını tanıması Ukraynaya müharibə elan etmək deməkdir, bunun başqa adı yoxdur. Faktiki olaraq Putin Ukraynaya müharibə elan edib. Çünki suveren dövlətin ərazisini ilhaq etmək beynılxalq hüquqda ölkəyə müharibə etmək anlamına gəlir. İndi də əmr verib ki, Rusiya hərbi qüvvələri həmin ərazilərə daxil olsun. Bu münaqişə daha da irəliləyəcək. Növbəti gedişlər isə daha çox Ukraynadan asılı olacaq”.

Qərbin Ukraynaya yetərincə dəstək vermədiyini və hətta geri çəkildiyini demək mümkündürmü?

– Ukrayna NATO-nun üzvü deyil. Ona görə də, NATO ölkələrinin Ukrayna üzərində hüquqi öhdəliyi yoxdur. Amma bu ölkələr üçün Putinin atdığı addım qəbuledilməzdir. Biz bu hadisələrin içində olduğumuz üçün hadisələrin gələcək fəsadları haqda bir çox insanlar düşünmürlər. Amma Putin Rusiya imperiyasından, Birinci Dünya Müharibəsinin nəticələrinin qəbuledilməzliyindən danışır. Öz südünü əmdiyi bolşevikləri Ukrayna, Belarusiya, Qazaxıstan və digər dövlətləri yaratdığı üçün düşmən elan edir. Putin hesab edir ki, bu ərazilər Rusiya İmperiyası idi. O da Sovet İttifaqı adı ilə yaşayırdı. Putin düşünür ki, Lenin və Stalinin əli ilə respublikalar yaratmaqla, sonradan Rusiyanın torpaqlarını bölüblər. Yəni Kreml rəhbəri başqa dövlətlərin ərazilərini tutmağa çalışır. 2008-ci ildə Gürcüstanı bölüb iki kiçik dövlət yaratdı və onların müstəqilliyini tanıdı. İndi Ukraynada dövlət yaradıb və onların müstəqilliyini tanıyır. Moldovanı da hər zaman öz kontrolunda saxlayır. Növbənin hansı ölkə olacağı isə hələ bilinmir. Yəni sabah Baltikyanı dövlətlərə və Bolqarıstana qarşı da işğalçılıq planları həyata keçirə bilər. Bütün dünya da bunu həyəcanla gözləyir.

ABŞ-Rusiya müharibəsi baş verə bilərmi?

– Amerika prezidenti bəyan etdi ki, onlar Rusiya ilə birbaşa savaşa girməyəcəklər. Amma Ukraynaya özünü müdafiə etməsi və Rusiyanın qarşısında dayanması üçün hərbi texnika və silah verəcəklər. Amma əsgər göndərməyəcəklər. Çünki ABŞ və Rusiya qarşı-qarşıya gələrsə, bu, Üçüncü Dünya Müharibəsinə və nüvə savaşına gətirib çıxara bilər. Bunu isə nə Rusiya, nə də ki, Amerika istəyir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*