Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel arasında növbəti telefon danışığı olub.
KONKRET.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, tərəflər söhbət zamanı ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazır olduqlarını bildiriblər.
“Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel ilə telefon danışığı aparıb. ATƏT-in Minsk qrupu çərçivəsində gələcək əməkdaşlığa qarşılıqlı hazırlıq ifadə edilib.
Dağlıq Qarabağ ətrafındakı vəziyyət ətraflı müzakirə olunub. Vladimir Putin hərbi əməliyyatların dayandırılması üçün həyata keçirilən vasitəçilik səyləri, habelə təmas xətti və Laçın dəhlizi boyunca Bakı və İrəvanın istəyi ilə yerləşdirilən rus sülhməramlılarının fəaliyyəti barədə məlumat verib”, – deyə Kremlin Mətbuat xidmətinin məlumatında bildirilir.
Bundan əlavə, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin 9 noyabr (10 noyabr) tarixli bəyanatında qeyd olunan razılaşmaların ardıcıl şəkildə həyata keçirilməsinin bölgədəki vəziyyətin ümumi sabitləşməsinə kömək etdiyi vurğulanıb.
“Qarşıdurmalardan təsirlənən əhalinin təcili problemlərinin həllinin vacibliyi vurğulanıb. Bu baxımdan, Rusiya tərəfindən yaradılan Humanitar Mərkəzin işinə ixtisaslaşmış beynəlxalq strukturların cəlb edilməsinə ehtiyac olduğu qeyd edilib”, – deyə açıqlamada qeyd olunub.
