Qafqazın SİYASİ CİZGİSİ: Ruslar “NU POQODİ”lik, farslar “TOMMİ CERRİ”lik edir – VİDEObackend

Qafqazın SİYASİ CİZGİSİ: Ruslar "NU POQODİ"lik, farslar "TOMMİ CERRİ"lik edir - VİDEO

Bəli, ruslar Qarabağdakı Arayik sincabını Vardanyan dələsi ilə əvəzləməyə yaxındırlar. Kreml bununla özünü canavar kimi təqdim edib Paşinyana “nu zayets, poqodi” bağıraraq xox gəlmək istəyir.

KONKRET.az xəbər verir ki, canavar türk totemidir və bu səbəbdən boz qurd personajı nə Ermənistan, nə də Rusiyaya yaraşır. Amma cizgi filmi ikisinin də əyninədir. Çünki son addımları onların alnına “mutfilm” ayaması yapışdırır. Hə, Rusiya sürüdən qovulan yalquzaq təsiri bağışlayır. Lakin onun Gümrüdə, Xankəndidə qurd kimi zəhmli ulamaq cəhdi daha çox ulağın doğuşda çıxartdığı səslərə oxşayır.

“Nu poqodi”

Bəli, onların sülhməramlıları da eşşək tərsliyi nümayiş etdirirlər. Sübut kimi, Azərbaycan Müdafiə Nazirliyinin Moskvaya toponimləri təhrif etməsi ilə bağlı iradı və onların 1991-ci il bəhanəsini göstərmək olar. Axırda da söz atıblar ki, “İrəvanla Bakı arasında sülh imzalasa, coğrafi adları Azərbaycanın təqdim etdiyi xəritələrdəki kimi qeyd edəcəyik”. Bu hüquqi siyapırlığa nə ad qoyasan? Sanki biz də AMEA kimi “dovşan, dofşan, doşan, tovşan”ların əlində qalmışıq. Moskva-İrəvan “nu poqodi”si Cənubi Qafqazdakı geosiyasi durumu biqudi etməyə, dolaşığa salmağa hesablanıb. Di gəl ki, regionun taleyi 2020-də həll olunub və Cənubi Qafqazda Kremlin siyasi innovativliyinə yer yoxdur.

“Tom və Cerri”

Yəqin ki, farsların “Qüds yolu hardan keçir” sualı ilə Bakıda İran bayrağı qaldırıb Qüdsü də işğal etməkləri barədə cizgi filmini hamınız izləmisiniz. Gülüncdür, İran özünün “Disneyland” layihəsi olduğunu hələ bu qədər ələ verməmişdi. Özünü belə yandırmamışdı. Onların rolikdəki sualına cavab kimi deyə bilərəm ki, bəli, farslar İrandan Qüdsə, yaxud İsrailin digər şəhərlərinə gedə bilməzlər. Bunun üçün Bakıya gəlməli, Azərbaycan vətəndaşı olmalıdırlar. Ümumiyyətlə, pasportunda İrana səfər möhürü olan digər ölkələrin vətəndaşları da İsraildə xüsusi yoxlamadan keçirilir və ya geri qaytarılır. Yəhudilər üçün fars kimi İranda yaşamaq bir yana, ziyarət adı ilə ora gedənlər də terror mənbəyi ola bilər. Ona görə də ehtiyatı əldən vermirlər. Düz də edirlər! Əsaslı şübhə olmasaydı, İranda ziyarətdə olub farsın agenturasına çevrilən azərbaycanlılar DTX əməliyyatları ilə ifşa olunmazdı.

İranın “tommi cerri”lik etməyinə səbəb molla rejiminin süquta yaxınlaşmasıdır

Bəli, rejim yaşlanıb, ahıl insanlar isə uşaqağıllı ola bilər. Odur ki, “Tom və Cerri” onlar üçün ən uyğun variantdır. Öz aləmlərində Qərblə siçan-pişik oynayırlar. Sadəcə, cızdıqları marşrut çox məntiqsizdir. Mollanın işi bilirsən nəyə döndü? Elə bil ki, Lökbatandasan və Lənkərana getmək üçün yolunu uzadıb Yevlaxa dönürsən, təzədən Xaldan dairəsindən geri qayıdırsan. Amma bununla belə, 1979-dan bu yana barmaqla sayılacaq savablarından birinə batdılar. Milyonlarla insanın ömrünü uzatdılar. Çünki Bakı və Təl-Əvivi ürəkdən güldürdülər. İrana “Əhməd haradadır” filmindən sitatla məsləhət verə bilərik:

“Sükanı belə saxla”.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*