Qarda təbrik yazmaq uşaqlıqda bir çox insanın sevdiyi iş olub. KONKRET.az xəbər verir ki, elektron ticarət platformasının inkişafı sayəsində çinlilər bu peşəni də biznesə çeviriblər.
Ölkənin şimalındakı sakinlər Çinin cənubunda yaşayan və nadir hallarda qar görən müştərilərin əvəzinə qarda müəyyən sözlər yazırlar. Bu xidmətlər üçün şimalılara müəyyən məbləğ ödənilir. Simvolik olaraq, bir heroqlifin qiyməti 2 yuan (0.28 dollar) təşkil edir.
Bu günlərdə Çinin şimal-şərqində güclü qar yağdıqdan sonra qarda sözlər yazmaq üçün sifarişlər kəskin artıb. Bir çox “tacir” iki gün ərzində minlərlə sifariş alıb. Əksər hallarda müştərinin əvəzinə qar üzərində təbrik və ya sevgi elanları yazılır. Müştərinin söyləmək istədiyini yazdıqdan sonra “iş adamı” qarda yazdığının şəklini çəkir və internet vasitəsilə müştəriyə göndərir, bununla da sifariş tamamlanır.
