Seyfəddin Əsəd: “Qazax-Tovuz bölgəsində alkoqollu içkilərin geniş yayılmasının səbəblərindən biri burada üzümçülüyün inkişafı və sovet dövründə şərab zavodlarının yaradılması ilə bağlıdır”
Azərbaycanda 2026-cı ilin ilk rübündə əhali alkoqollu içkilərə ay ərzində adambaşına orta hesabla 2,35 manat pul xərcləyib.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qurumun ev təsərrüfatları üzrə tədqiqatının yekun nəticələrinə əsasən təqdim etdiyi məlumata görə, şəhər yerlərində alkoqollu içkilərə çəkilən aylıq xərc adambaşına 2,47 manat, kənd yerlərində isə 2,22 manat təşkil edib.
İqtisadi rayonlar üzrə göstəricilər isə belədir:
-Qazax-Tovuz – 3,9 manat – ən yüksək göstərici;
-Şəki-Zaqatala – 2,6 manat;
-Gəncə-Daşkəsən – 2,5 manat;
-Abşeron-Xızı – 2,5 manat;
-Bakı – 2,5 manat;
-Mərkəzi Aran – 2,5 manat;
-Naxçıvan – 2,4 manat;
-Qarabağ – 2,4 manat;
-Mil-Muğan – 2,2 manat;
-Şərqi Zəngəzur – 2,2 manat;
-Quba-Xaçmaz – 2,0 manat;
-Dağlıq Şirvan – 1,6 manat;
-Şirvan-Salyan – 1,5 manat;
-Lənkəran-Astara – 1,4 manat – ən aşağı göstərici.

Beləliklə, ölkə üzrə ən yüksək göstərici Qazax-Tovuz iqtisadi rayonunda qeydə alınıb. Burada əhali ay ərzində adambaşına orta hesabla 3,9 manatını alkoqollu içkilərə xərcləyib. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda – 1,4 manat təşkil edib.
Bu rəqəmlər isə bir sıra suallar doğurur: Qazax-Tovuzda niyə bu göstərici digər iqtisadi rayonlarla müqayisədə daha yüksəkdir? Bu göstəricini həmin bölgədə alkoqol istehlakının daha çox olması kimi qiymətləndirmək olarmı, yoxsa burada başqa sosial, tarixi və iqtisadi amillər də rol oynayır?
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd Musavat.com-a danışıb. Mütəxəssis bildirib ki, Qazax-Tovuz bölgəsində alkoqollu içkilərin geniş yayılmasının səbəblərindən biri tarixi olaraq burada üzümçülüyün inkişafı və sovet dövründə şərab zavodlarının yaradılması ilə bağlıdır: “Vaxt var idi ki, Qazax-Tovuz zonasında çaxır və araq çəkilmirdi. Sonradan, xüsusilə sovet dövründə üzümçülüyün inkişafı ilə vəziyyət dəyişdi. Böyük sovxozların əksəriyyətində üzümçülük təsərrüfatları yaradıldı, onların nəzdində şərab zavodları fəaliyyətə başladı. Şərab zavodlarının yaranması ilə arağa, çaxıra və konyaka çıxış da asanlaşdı. İnsanların bu içkilərə əlçatanlığı artdı. Əlçatanlıq artdıqca da təbii olaraq istehlak genişlənməyə başladı”.
Mütəxəssis hesab edir ki, burada təkcə məhsulun əlçatanlığı deyil, ailə və sosial mühit də mühüm rol oynayıb: “Həmin dövrdə insanların sosial vəziyyəti də müəyyən qədər yaxşılaşdı, evlər tikildi, yaşayış tərzi dəyişdi. Uşaq da gözünü açanda ailədə atasının içki içdiyini görürdü. Ata bəzən uşağı göndərirdi ki, gedib araq və ya siqaret gətirsin. Beləliklə, bu mənzərə tədricən gündəlik həyatın bir hissəsinə çevrilirdi. Uşaq üçün də həmin davranış adiləşirdi. Bu, əsas səbəblərdən biridir. Digər tərəfdən, bölgədə meyvəçilik də geniş yayılıb. Meyvə bol olduğuna görə insanlar müxtəlif meyvələrdən spirtli içkilər hazırlamağa başladılar. Həm ticarət, həm də şəxsi istehlak baxımından bu ənənə formalaşdı. İnsanlar həm içirdilər, həm istehsal edib pul qazanırdılar, həm də öz fikirlərinə görə, “təmiz araq” hazırlayıb istifadə edirdilər. İndi, məsələn, zoğal arağının bir litrinin qiymətinin nə qədər olduğunu bilirsinizmi? Çox baha satılır. Ərik arağı da eyni qaydada bahadır. Yəni bütün bunlarda üzümçülüyün və meyvəçiliyin inkişafının böyük rolu olub. Pambıqçılıq dövründə isə belə ənənə geniş yayılmamışdı, araq çəkənlər az idi. Bu gün də vəziyyət müəyyən mənada dəyişməyib. Ölkədə araq istehsal edən çoxlu sex və müəssisələr var. Orada işləyən, həmin müəssisələrlə əlaqəsi olan, qohumu və ya tanışı çalışan insanlar da var. Yəni məhsula əlçatanlıq yüksəkdir. Öz evində spirtli içki hazırlayanların sayı da az deyil. Əlçatanlıq artdıqca istehlak da artır”.

Seyfəddin Əsəd hesab edir ki, bölgədə alkoqol istehlakını milli xüsusiyyət və ya “genetik amil”lə izah etmək düzgün yanaşma deyil. Onun fikrincə, burada tarixən formalaşmış sosial münasibətlər, qonşu ölkələrlə əlaqələr və sərhəd bölgəsi faktorunun da müəyyən təsiri olub: “Sovet dövründə Ermənistanla əlaqələr geniş idi, insanlar bir-biri ilə qohumluq və kirvəlik münasibətləri saxlayırdılar. Sərhədə yaxın ərazilərdən gedib-gəlmələr olurdu. Gürcüstanla da əlaqələr vardı. Gənclər Gürcüstana, Tiflisə gedir, orada yeyib-içirdilər. Bütün bu amillər bir yerdə bölgədə içki mədəniyyətinin formalaşmasına müəyyən təsir göstərib”.
“Qazax-Tovuz bölgəsində alkoqollu içkilərə xərclərin yüksək olması əhalinin sağlamlığına nə dərəcədə təsir göstərir” sualına isə mütəxəssis bu cür cavab verib: “Qazax-Tovuz kənd təsərrüfatı rayonudur. Bu gün insanlar artıq başa düşüblər ki, bərəkət və qazanc torpaqdadır. Əhalinin böyük hissəsi işləyir. Fiziki əməyin olduğu yerdə hərəkətlilik və sağlam həyat tərzi də daha çox olur. Oturaq həyat keçirən insanla gün ərzində fiziki işlə məşğul olan insanın həyat tərzi eyni deyil. Bu gün dünyada da oturaq həyat tərzinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı çoxsaylı araşdırmalar aparılır. Fiziki aktivlik insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Günəş işığı da orqanizm üçün vacibdir. Məsələn, D vitamini çatışmazlığı geniş yayılmış problemdir. Günəşdən alınan D vitamininin orqanizmdə müəyyən müddət depolandığı və insan sağlamlığı üçün əhəmiyyətli olduğu məlumdur. Yəni torpaq, su, kənd təsərrüfatı, fiziki əmək və dağlıq ərazilərdə heyvandarlıq kimi məşğuliyyətlər də insanların həyat tərzinə təsir göstərir. Dağlıq ərazilərdə yaşayan insanlar gün ərzində daha çox hərəkət edir, fiziki işlə məşğul olurlar. Bu da sağlamlığa müsbət təsir göstərə bilər. Təbii ki, xəstəliklər və ölüm halları da ayrıca məsələdir. Bu gün bir çox insan ürək-damar xəstəliklərindən, insult və infarktdan həyatını itirir. Amma tibb də inkişaf edir. Angioqrafiya, stentləşdirmə, açıq ürək əməliyyatları və digər müasir müalicə üsulları sayəsində vaxtilə ölümə səbəb olan bir çox xəstəliklərin qarşısını almaq mümkün olur. Əvvəllər ürək-damar xəstəliklərindən ölüm faizi daha yüksək idisə, bu gün müasir tibbi imkanların genişlənməsi həmin risklərin müəyyən hissəsini azaltmağa imkan verir”.
